Rumıniyada Azərbaycan xalçaları sərgisi açılıb

 

Rumıniyanın Sibiu şəhərində Müasir İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Brukenthal Milli Muzeyi, Rumıniyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı, Rumıniyanın Gözdən Əlillər Cəmiyyətinin Sibiu filialının dəstəyi ilə “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərginin açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Rumıniya ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin tarixindən, bugünkü inkişafından söz açan Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare sərgini neft ölkəsi olaraq tanınan Azərbaycanın zəngin mədəni irsinin təbliği baxımından önəmli hadisə kimi dəyərləndirib.

Brukenthal Milli Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Alexandru Konstantin Kitutsa sərgidə görmə qabiliyyəti məhdud şəxslər üçün toxunmuş xalçaların təqdim edilməsinin, brayl şrifti ilə məlumatlandırıcı mətnlərin olmasının önəmini vurğulayıb.

Açılış mərasiminin davamında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soareyə Brukenthal Milli Muzeyinin yaradıcısı baron Samuel fon Brukenthalın 300 illik yubileyi münasibətilə təsis edilmiş medal və diplom olunub. Brukenthal Milli Muzeyinə isə Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunmuş “Zeyvə” xalçası hədiyyə edilib.

Qeyd edək ki,  Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələrin 30 illiyi və Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə təşkil olunan sərgidə muzeyin kolleksiyasından seçilmiş XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Azərbaycanın müxtəlif bölgələrinə məxsus 15 xovsuz və xovlu xalça nümayiş olunur. Burada Səfəvi dövrünə aid Qarabağın dünyaca məşhur əjdahalı xalçalarının daha sonrakı dövrlərə aid nümunələrindən Qarabağın “Qasımuşağı”, “Malıbəyli”, vərni xalçaları, o cümlədən Şirvanın “Şamaxı” xalçası da təqdim olunur.

Sərgi 31 yanvar 2023-cü il tarixinədək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.