Azərbaycan Respublikasının Xalq rəssamı, “Şöhrət” ordenli rəssam, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Arif Əzizin 80 illik yubileyinə həsr olunmuş “Beyaz” adlı sərginin açılış mərasimi baş tutacaq.
Müasir İncəsənət Muzeyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Media FM”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə mərasim 24 dekabr 2022-ci il saat 19:00-da Müasir İncəsənət Muzeyində keçiriləcək.
Arif Möhübəli oğlu Əzizov 3 yanvar 1943-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-1965-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1966-1971-ci illərdə Moskva Ali Bədii-Sənaye Məktəbində təhsil alıb. Rəssam 1971-ci ildə Polşa Universitetində “Qrafik dizayn” ixtisası üzrə təcrübə keçib. Arif Əziz 1970-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. O, 1971-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) pedaqoji fəaliyyətə başlayıb.
O, yaradıcılığının əvvəllərində plakatlar, ekslibrislər, loqolar, dizayn eskizləri, uşaq kitabları üçün illüstrasiyalar çəkib.
Rəssamın müxtəlif illərdə Azərbaycanda və xarici ölkələrdə fərdi yaradıcılıq sərgiləri təşkil olunub. Arif Əziz 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən Azərbaycan Dizaynerlər İttifaqının, 1997-ci ildən Vaşinqtonda yerləşən Beynəlxalq Reklam Assosiasiyasının üzvlüdür. Rəssam 1985-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunub, 1992-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Arif Əziz 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmiş və Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(22.12.2022)