ABŞ-ın Florida ştatının Mayami şəhərində gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılış mərasimi olub. Azərbaycanın ABŞ-dakı səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgi dekabrın 21-dək ziyarətçilər üçün açıq olacaq. Sərgi Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.
Açılış mərasimi Mayami və ətraf şəhərdə yaşayan soydaşlarımızın, o cümlədən burada akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin və yerli rəsmilərin iştirakı ilə keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir.
Tədbirdə çıxış edən səfirliyin ikinci katibi Mahmud Mahmudov Azərbaycanın zəngin mədəniyyətindən, ölkəmizdə incəsənətin tarixindən bəhs edib, rəssamlara dövlət səviyyəsində qayğı və dəstəyin olduğunu bildirib. O, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə qonaqları təbrik edib və bu günün elan olunmasında Ümummilli Lider Heydər Əliyevin mühüm rolunu vurğulayıb.
Daha sonra çıxış edən “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev göstərilən dəstəyə görə təşəkkürünü bildirib, rəsm əsərləri və mərkəzin fəaliyyəti barədə məlumat verib. Bu sərginin gənc rəssamların iştirakı ilə təşkil olunan 22-ci beynəlxalq sərgi olduğu diqqətə çatdırılıb.
Sonda rəssamlara sertifikatlar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(19.12.2022)