Bəzən insan öz fitri istedadını üzə çıxarmaqda çətinlik çəkir, bəzənsə ümumiyyətlə üzə çıxara bilmir. Söhbətimiz peşəkar olmasalar belə öz həvəskarlıqları ilə bəzən peşəkarları kölgədə qoymağı bacaranlardan gedir.
Uzun illərdir ki, paytaxtımızın mədəni həyatında öz fəaliyyəti ilə incəsənətimizin təbliğinə bir çox töhfələr verən “Bakı” Rəsm Qalereyası yenidən maraqlı layihələrlə öz qapılarını sənətsevərlərin üzünə açmaqdadır. Belə ki, qalereya bir çox tarixi hadisələrə şahidlik etmiş doğma İçərişəhərimizin ərazisində yerləşməklə həm paytaxt sakinlərini, həm də əcnəbi qonaqlarımızı Azərbaycanın görkəmli təsviri sənət ustalarının əl işləri ilə yaxından tanış edir.
Professional rəssamlarla yanaşı, qalereya, eyni zamanda, fitri istedada malik olan insanların da yaratdığı sənət nümunələrini aşkarlayıb taparaq, onları üzə çıxarır və sənətsevərlərə təqdim edir.
“Bakı” Rəsm Qalereyasının direktoru Eldəniz Babayevin bir media açıqlaması diqqətimizi çəkib. O, bir istedadı üzə çıxarıb, söhbət yazıçı-publisist Nəcibə Bağırzadədən gedir.
Onun sözlərinə görə, Nəcibə Bağırzadə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Vətən ayrısı Rəsulzadələr”, “Uzaqdakı yaxından” kimi bir neçə kitabın, həmçinin Azərbaycan Radiosunda Cümhuriyyətə həsr edilmiş silsilə verilişlərin müəllifidir. Amma biz onun yazarlıq fəaliyyətinə toxunmayacağıq. Eldəniz Babayev söyləyir ki, publisistika sahəsi ilə yanaşı, Nəcibə xanım dekorativ təsviri sənət sahəsində də çox gözəl sənət nümunələri yaradaraq, sənətsevərləri valeh edir. Bu nəcib sənət nümunələri parça və tekstildən hazırlanmışdır. Əsasən 30-a qədər “Gül çələngindən” ibarət olan ekspozisiya göz oxşayır. Çox böyük rəng duyumu və kompozisiya quruluşu müəllifin düzəltdiyi bu sənət nümunələrində özünün estetik gözəlliyindən xəbər verir. Onun “Çəmən ayrısı” adlı sərgisi Azərbaycanın repressiya olunmuş qadın şairi Ümgülsüm Sadıqzadənin xatirəsinə həsr olunacaq”.
Qalereya direktoru bildirib ki, iki gün davam edəcək sərgidə Ümgülsüm xanıma aid fotomateriallar da nümayiş olunacaq.
Qeyd edək ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin və “Bakı” Rəsm Qalereyasının təşkilati dəstəyi ilə açılacaq.
Hədsiz maraqlı olacağı şəksizdir.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)