“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən başladılan “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
“Ədəbiyyat və incəsənət” portalı İstiqlal Muzeyinin açıqlamasına istinadən bildirilir ki, layihə çərçivəsində növbəti təqdimat görkəmli memar Kərbəlayi Səfixan Qarabağiyə həsr olunur.
Kərbəlayi Səfixan 1817-ci ildə Şuşada anadan olub. Onun atası gözəl əl qabiliyyətinə malik bənna idi. Hələ kiçik yaşlarından atasının yanında tikinti işlərinə meyl göstərən Səfixan dərin zəkaya, ağıla, düşüncəyə malik olduğunu büruzə verirdi. Ailəsi ilə birlikdə bir müddət Cənubi Azərbaycanda yaşadığı üçün burada bəzi şəhər və kəndlərdə tikilən binalarda Səfixanın imzası - daş möhürü indiyədək qalmaqdadır.
XIX əsrin ortalarında Şuşanın gündən-günə çiçəklənərək inkişaf etməsi, ailənin yenidən doğma Şuşaya qayıtmasına səbəb olub. Hər yana şöhrəti yayılan memar Səfixanın Vətənə dönməsi həmyerlilərini çox sevindirdi. Qarabaği təxəllüsünü götürən memar doğma vətənində sənətini davam etdirdi. O, inşa etdiyi tikililərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib.
Qarabağ memarlığının inkişafında, Şuşanın yenidən bərpa olunmasında onun xüsusi xidməti olub. Şuşanın rəmzinə çevrilmiş məşhur Gövhər Ağa məscidinin xonçaşəkilli kitabəsində bu sözlər yazılmışdı: “Qarabağlı memar Kərbəlayi Səfixanın işidir (1883)”.
Şuşada “Aşağı Gövhərağa məscidi” (1889-1890), məhəllə məscidləri, mədrəsələr, imarətlər, hamamlar və s. onun tərəfindən inşa edilib. 1868-ci ildə Bərdədə inşa etdiyi İmamzadə məscidi Azərbaycanda ilk dördminarəli məbəddir. Şuşalı memarın yaratdığı gözəl sənət əsərlərinə Füzulidə, Ağdamda, Tərtərdə, digər rayonların kənd və qəsəbələrində rast gəlmək olar.
Dövrünün ən məşhur memarlarından olan Səfixan Odessada, Aşxabadda, Orta Asiyada da bir çox tikililərin müəllifidir.
Kərbəlayi Səfixan Qarabaği 1910-cu ildə Saatlı məscidini təmir edərkən minarədən yıxılaraq vəfat edib və Şuşadakı “Mirzə Həsən” məzarlığında dəfn olunub.
Memarın iki oğlu və bir qızı olub.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)