YARAT-da performans üzrə ustad dərsi keçirildi

 

YARAT Müasir İncəsənət Mərkəzində türk rəssam Nezaket Ekicinin iştirakı ilə “Qısa, lakin intensiv” adlı performans üzrə ustad dərsi keçirilib.

 

“Əsəbiyyat və incəsənət” portalı xəbər verir ki, dərslər zamanı rəssam, bəzi əsərlərini performansın fraqmentləri kimi nümayiş etdirib və iştirakçılarla birgə çıxış edib. Performansda diqqət konsentrasiyası üzrə tapşırıqlar iştirakçılara məkanda mövcudluğu inkişaf etdirməyə kömək edib. İştirakçılar öz bədənlərinin köməyi ilə diqqət konsentrasiyasını artırmaq və onu hərəkətə çevirməklə bağlı strategiyaları öyrəniblər. Performans vasitəsilə öz ideyalarını təqdim etməyi və müəyyən mənada, sənət əsərini həyata keçirməyi öyrəniblər, çünki performans, mahiyyət etibarilə, bir fikrin zamanla idarə edilməsi və bir sənət əsərinin "hərəkətə gətirilməsini" ehtiva edir.

Nezaket Ekici Berlin, Ştutqart və İstanbulda yaşayır və fəaliyyət göstərir. Lüdviq Maksimilian Universitetində incəsənət təhsili üzrə magistr dərəcəsinə yiyələnib, eyni zamanda, Təsviri İncəsənət Akademiyasında heykəltaraşlıq üzrə incəsənət təhsili alıb. O, 4 qitənin 60-dan çox ölkəsində 300-dən çox performans əsəri təqdim edib. Braunşveyq Təsviri İncəsənət Universitetində Marina Abramoviçdən performans sənətini öyrənən Nezaket Ekici öz çıxışları ilə fiziki baxımdan mümkün olan sərhədləri aşır. Onun performans və instalyasiya kimi təqdim olunan əsərlərində yerdəyişmə, məkan, material, vücud, hərəkət, qarşılıqlı təsir kimi cəhətlər mühüm rol oynayır.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.