Kübar xəbərlərdən ən çox izlənəni: Parisdə, yeni tikilmiş Efemer sarayında - bu saray təmirdə olan Böyük Sarayı müvəqqəti əvəz edir - Mars meydanında Art Paris 2021 Müasir İncəsənət yarmarkası öz işini başa çatdırdı.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, incəsənət yarmarkasında dünyanın hər yerindən 140 qalereya iştirak edib. Hər bir ölkə həm peşəkarlar, həm də adi sənətsevərlər arasından dünya şöhrəti qazanmasını arzuladıqları rəssamların işlərini Fransa paytaxtına gətirmişdi.
"Bu tədbir bilicilər, yəni kolleksiyaçılar, incəsənət muzeylərinin peşəkar işçiləri, sərgilər təşkil edənlər və direktorlar üçün nəzərdə tutululmuşdu", — deyə yarmarkanın direktoru Qiyyom Pyans bildirib. — Lakin, digər tərəfdən, bu tədbir həm də geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdu və insanlar burada 2-ci Dünya müharibəsindən bizim dövrümüzə qədər olan uzun bir dövr ərzində yaranmış işlərlə tanış ola bildilər. Bu ilin ən mühüm və gözəl hadisəsi - adətən Londonda nümayiş olunan, İndi isə Parisə gəlmiş ingilisdilli dünyanın ən iri qalereyasının sərgisi oldu ki, bu sərgi yarmarkamıza xüsusi özəllik verdi".
Art Paris Müasir İncəsənət yarmarkası incəsənət bazarının son tendensiyaları ilə tanış olmaq üçün unikal imkan yaratdı. Sərginin müstəqil kuratoru Erve Mikaelov fransız rəssamlarının son illər yaratdıqları portretlər toplusunu nümayiş etdirirdi, böyük ajiotaj yarandığını görəndə o, hisslərini bu cür büruzə verib:
"Son hadisələr nəzərə alınmaqla, bu il yarmarkanın keçirilməsi böyük əhəmiyyət kəsb edir. Portret mövzusuna verdiyimiz xüsusi diqqət dövrümüzə uyğun gəlir; pandemiya həyatımıza kabus kimi gəlib, rəssamların qeyri-müəyyənlik dövrünü yaşadığı, onların özünə qapandığı aşkardır, bu isə onların əsərlərində də öz əksini tapmışdır".
Sərgi zallarının pandemiya səbəbindən bağlı olması, uzun ünsiyyət fasiləsinin yaranmasından sonra ART Paris 2021-i Françoise Besson kimi dünyaşöhrətli qalereyaçı məmnuniyyətlə rəssam və peşə həmkarları ilə yenidən görüşmək üçün yeni bir fürsət tapmaq bayramı adlandırıb:
"Paris səhnəsini yenidən əldə etmək çox vacibdir. Birincisi, Paris və Avropa kolleksiyaçıları ilə əlaqələri bərpa etmək mümkündür. Həm də bu Efemer sarayının açılması yeni dövrün başlanğıcını göstərir. İndi biz başa düşürük ki, incəsənət üçün ünsiyyət qurmaq, görüşmək, yeni işlər görmək imkanı nə qədər vacibdir. Ona görə də biz incəsənət həvəskarlarını, rəssamların işlərini görmək üçün buraya gələn ən müxtəlif tamaşaçıları böyük həvəslə qəbul edirik".
Fransa, Avropa və dünyanın digər çoxsaylı ölkələrinin rəssamları pandemiya dövründə yaradılmış əsərlərini yarmarkaya gətirmişdilər. Onların arasında polşalı rəssam Tomek Baran da var idi. Tomak hisslərini bu cür bölüşüb:
"Bütün bunları İnstagram üzərindən, internet vasitəsilə deyil, öz gözlərinlə görmək xoşdur. Mən pandemiya zamanı rəsmlər seriyası çəkmişəm. Burada 9 rəsmimdən yalnız 3-ü təqdim olunub, hazırda digər rəsmlərimin üzərində işi bitirirəm. Bu cür insan marağl məni işimə daha çox kökləyir".
Art Paris 2021 yarmarkası bazar günü axşama kimi mütəxəssislər və həvəskarlar üçün açıq oldu, yarmarka bitəndə və Efemer sarayının açıq qapıları bağlananda sanki Parisdə çöhrələrə də bir kədər qondu.
Mədəniyyətin həqiqətən xilasedici rolu danılmazdır.