“Azərxalça”nın Zəfər Gününə həsr etdiyi “Zəfər” xalça kolleksiyasının təqdimatı olub

 

“Azərxalça” ASC-nin Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbənin ildönümünə həsr etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsinə müraciət edən yüzlərlə gənc sırasından yalnız 15-i seçmə mərhələni keçərək təlimlərə qatılıb. Bir ay davam edən təlimlər zamanı gənc dizayner və rəssamlar həm yerli, həm də xarici mütəxəssislərlə təcrübələrini bölüşüblər. Təlimlər həm nəzəri, həm də praktik yöndə keçirilib. Həmin kolleksiya artıq hazırdır.

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bu sözlər “Azərxalça”nın Zəfər Gününə həsr etdiyi “Zəfər” xalça kolleksiyasının təqdimat mərasimində səslənib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov rəhbəri olduğu müəssisədə Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarından 17 nəfərin çalışdığını söyləyib. Bildirib ki, tədbirdə, həmçinin “Azərxalça”nın regionlarda yerləşən emalatxanalarında müxtəlif vəzifələrdə çalışan Vətən müharibəsi iştirakçıları, qazi işçiləri də iştirak edirlər.

Bir il əvvəl “Zəfər” adlı xalça müsabiqəsinə start verildiyini deyən Emin Məmmədov bildirib ki, qısa müddətdə müsabiqəyə 60-a yaxın müraciət daxil olub. Münsiflər tərəfindən 15 çeşni seçilib. 15 iştirakçı “Azərxalça”nın bölgələrdəki müəssisələrinə baş çəkib, emalatxanalardakı yaradıcı heyətlə tanış olub, Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya ediblər və Azərbaycanın tanınmış xalçaçı-rəssamı Eldar Mikayılzadədən ustad dərsləri alıblar. Bir ay ərzində müsabiqə iştirakçıları üçün xüsusi təlimlər təşkil olundu. Bu gün isə layihə qaliblərinin adları açıqlandı.

“Toxunan xalçalar müsabiqədən xatirə kimi “Azərxalça”nın nümayiş və sərgi salonunda saxlanılacaq. Gün ərzində xalçalara baxmaq istəyən hər kəs salona baş çəkib rahatlıqla bu sənət əsərlərindən həzz ala bilər. Yaxın zamanlarda qalib olan xalçaların çeşniləri əsasında yeni xalçalar toxunacaq və hər kəs bu xalçaları əldə etmək imkanı qazanacaq”, - deyə Emin Məmmədov əlavə edib.

Sonra kolleksiyaya daxil olan xalçalar haqqında müəlliflərin özləri məlumat veriblər. 

Birinci yerin qalibi Fidan İlham toxuduğu “Zəfəri bizə gətirənlər” xalçasının ideyası haqqında danışıb: “Təqdim etdiyim xalçanın əsas elementləri bir-birinə bənd olan Qarabağ atlarıdır. Toxuduğum xalçada Qarabağ atlarının timsalında mübarizlik və döyüşkənlik ştrixlərini əlaqələndirməyə çalışmışam”.

Fidan İlhamın sözlərinə görə, xalça üzərində yaratdığı təsvirdə əsgərlərimizin 44 gün ərzində çiyin-çiyinə döyüşməsi, möhtəşəm həmrəylik nümayiş etdirmələri əksini tapıb. Burada, həmçinin şəhidlərimizin adlarının və soyadlarının baş hərfləri əks olunub. Atların arasında olan boşluqda isə stilizə olunmuş alov elementi var. Bu, Azərbaycanda heç vaxt sönməyəcək ocaq mənasına gəlir. Ən əsası, xalçanın mərkəzində ərəbcə yazılmış “Allah” sözü şəhidlərimizin ən uca zirvəyə, yəni cənnətə ucalmasını göstərir.

İkinci yerin qalibi Aytac Ələkbərlinin yaratdığı “Dəmir yumruq” xalçası da maraqla qarşılanıb.

O, müəllifi olduğu əsər haqqında deyib: “Quranı-Kərim”də Ən-nəhl, yəni Arı surəsi var. Mən hazırladığım xalçada məhsuldar və zəhmətkeş arıları PUA kimi təsvir etmişəm. Xalçadakı buludlar hər zaman səmadan döyüşə hazır vəziyyəti əks etdirir. Ocağı qoruyan əllər isə Şəhidlər xiyabanındakı “Əbədi məşəl”dir. Şölələnən alov şəhidləri unutmamağı və unutdurmayacağımızı simvolizə edir”.

Üçüncü yerin qalibi Təhminə Məmmədova toxuduğu “Dönüş” xalçası haqqında danışıb: “Zəfər” mənim üçün yenilənmək deməkdir. Mən toxuduğum xalçanın dizaynını bu ideyaya əsəsən verdim. Ana haşiyədə alovu buta şəklində stilizə etmişəm. Alovun içində olan ornament döyüşçülərdir. Eyni zamanda, alov təmizlənmə mərhələsinin işarəsidir. Günəbaxan günəşin və məhsuldarlığın simvoludur, yəni torpaqlarımız bizə qayıtdıqdan sonra təbiətimiz dirçəlib. Buludu spiral şəklində stilizə etmişəm ki, bu da inkişaf və hərəkatın simvoludur. Ağacı isə xilaskar və təbii fəlakətlərdən qoruyucu kimi simvollaşdırmışam. Ümumiyyətlə, Azərbaycan xalçaları qədim rəmzlərlə zəngin olduğu üçün mən toxuduğum xalçanı müasir simvollarla zənginləşdirmişəm”.

Xalçaçı Maya İbadlı isə sosial şəbəkələrin nəticələri üzrə qalib seçilib. Müəllif bildirib ki, Azərbaycanın cənnət guşəsi Qarabağa, alınmaz qala olan Şuşaya neçə illik həsrətdən sonra atdığımız addımı “Cənnətə giriş” adlı xalça-kompozisiyasında əks etdirib: “Cənnətə giriş”i öz canları, qanları bahasına bizə Zəfəri bəxş edənlərə həsr edirəm. Bu kompozisiyada öz hisslərimi, duyğularımı, Vətənə olan sevgimi göstərməyə çalışmışam”.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.