“Vizual Sensasiya” - Heyran Mustafa-Zadənin fərdi sərgisi belə adlanır

 

Praqada azərbaycanlı rəssam Heyran Mustafa-Zadənin 7 ay davam edən “Visual Sensasiya” adlı fərdi sərgisi başa çatıb. Martın 30-da Praqadakı “Randls” qalereyasında açılmış sərgidə rəssamın son beş ildə yaratdığı əsərlərinin bir hissəsi nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, layihə çərçivəsində rəssam çex dilində təqdimatla çıxış edib. Təqdimatda Azərbaycan mədəniyyəti, tarixi və adət-ənənələrinin rəssamın yaradıcılığına təsirsiz ötüşmədiyi vurğulanıb. 

Rəssam çıxışında deyib: “Sərgiyə mənim dünyaya baxışımı əks etdirən əsərləri seçilib. Əsərlərin çoxu abstrakt rəsmlərdir. Ümid edirəm ki, hər kəs orada öz həqiqətini görəcək, özünə aid olanları duyacaq”.

“Azərbaycan incəsənət ölkəsidir” şüarı altda keçirilən açılış mərasimində İsfar Sarabski və Etibar Əsədlinin muğam-caz kompozisiyalarının müşayiəti ilə, milli şirniyyatlardan şəkərbura, paxlava, Azərbaycan çayı və nar şərabı təqdim olunub. 

Qonaqlar rəssamın dünyasını, fikir və emosiyalarını kətan və kağızda əks olan abstrakt kompozisiyalar, portret və təbiət mənzərələrilə kəşf ediblər. 

Sərginin kuratoru Sara Davis Heyranın rəsmlərindəki milli kimlik xüsusiyyətlərinə diqqət çəkərək, bu əsərlərdə milli buta ornamentini başlanğıc nöqtəsi kimi gördüyünü vurğulayıb. Təşkilatçılar Pavel Randls və Lucie Horjeyşi Heyranın özünəməxsus üslubundan, özünüifadənin yeni formasından, neo-ekspressionizmindən danışıblar.

Qeyd edək ki, yeddi aylıq layihə çərçivəsində müəllifin müşayiəti ilə ekskursiyalar təşkil olunub. Qonaqlar maraqlandıqları sualları rəssamla birbaşa müzakirə etmək, əsərlərin ideyası və yaranma tarixi ilə tanış olmaq imkanı qazanıblar. 

Rəssamın “HEYRANAM” brendi altında təqdim olunan əsərlərinin satışından əldə olunan gəlirin bir hissəsi əlilliyi olan insanlara dəstək məqsədilə xeyriyyə fonduna bağışlanıb.

Heyran Mustafa-Zadə 10 ildir ki, Praqada yaşayıb-yaradır. İşində müxtəlif texnikalarla təcrübələr aparır. Praqa İncəsənət və Dizayn İnstitutunun rəssamlıq və qrafika studiyasının məzunu olan Heyran müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edib. Budəfəki sərgi rəssamın ikinci fərdi sərgisidir

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.