Oktyabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Əməkdar artist, aktrisa və rəssam Suğra Bağırzadənin sənət əsərlərindən ibarət fərdi sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Suğra Bağırzadə və onun sərgisi haqqında iştirakçılara geniş məlumat verib. O deyib: “Bu gün bizim əzizimiz, dostumuz, gözəl insan Suğra xanımın sərgisinə yığışmışıq. Suğra xanım bizim kinomuzda, ümumiyyətlə, ictimai həyatımızda özünəməxsus yer tutur. Bununla bərabər o, həm də Rəssamlar İttifaqının fəal üzvüdür. Sənətkar kimi mütəmadi olaraq öz gözəl əsərlərdən ibarət fərdi sərgilərini açır. Bugünkü sərgi onu göstərir ki, Suğra xanım passiv yox, aktiv şəkildə sənəti ilə məşğuldur və bizi belə sərgilərlə sevindirir. Qeyd etmək istərdim ki, bu sənət Suğra xanımın gözəlliyinə, onun daxili zənginliyinə yaraşan bir sənətdir. Suğra xanım bir çox mükafata, fəxri ada layiq görülüb və onun əsərləri dünya ölkələrində nümayiş olunub. Bütün bunlar onu göstərir ki, Suğra xanım insan kimi, sənət fədaisi kimi, eyni zamanda, layiqli vətəndaş kimi xoş sözlərə layiqdir”.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva sərginin açılışına görə təbriklərini çatdıraraq xoş arzularını ifadə edib. "Əslində, Suğra xanım barədə çox danışmaq olar. Onun haqqında illər öncə bir yazı yazmışdım. O yazı hətta mənim bir çox kitablarıma da daxil olub. Suğra xanım sənətini sevən çox gözəl sənətkardır. Həmin yazını yazarkən mən onun haqqında araşdırmalar da aparmışdım və çox şadam ki, bu sənətdə cığır açanların önündə məhz Suğra xanım gəlir. Xüsusən qeyd etmək istərdim ki, Suğra xanımın adı çəkiləndə ilk olaraq insanın gözləri önündə gözəllik canlanır. O, öz həyatında da, yaradıcılığında da gözəlliyi əks etdirir. O, yaratdığı əsərlərlə və yaradıcılığı ilə insana gözəl duyğu, həmçinin enerji bəxş edir. Çox şadam ki, mütəmadi olaraq belə gözəl və fərqli sərgilər açır, biz də gəlib həvəslə iştirak edir, bu cür gözəlliklərdən zövq alırıq", - deyə o bildirib.
Xalq rəssamı Aydın Rəcəbov isə qeyd edib ki, Suğra xanımın əsərlərindən çox danışmaq olar: “Onun bugünkü sərgisi də öz gözəlliyi və fərqliliyi ilə seçilir. Suğra xanım həm də Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının, Baltikyanı ölkələr və MDB Kinematoqrafçılar Konfederasiyasının üzvü, həmçinin 2003-cü ildən Dünya Floristika Şurasının Azərbaycandan olan ilk və yeganə üzvüdür".
Daha sonra çıxış edən Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev və Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Rafiq Kərimov Suğra Bağırzadənin sənəti haqqında məlumat verərək bildiriblər ki, “Azərbaycanfilm” kinostudiyasında “Ulduz”, “Yollar və küçələrlə”, “Dünyaya insan gəlib”, “Alma almaya bənzər”, “Şir evdən getdi”, “Tələ”, “Güllələnmə təxirə salınıb” və s. filmlərdə çəkilmiş aktrisa rəssam kimi də tanınıb. Diqqətə çatdırılıb ki, sənətkar daxili aləmini, düşüncələrini, dünyaya baxışını güllərin ömrünü uzatmaqla, onlardan mürəkkəb kompozisiya yaratmaqla ifadə edir. Bu gün həm də Suğra Bağırzadə televiziya verilişlərində fəal iştirak edir, müxtəlif filmlərə çəkilir, zövq və məsuliyyət tələb edən bir işlə məşğul olaraq gözəl, eləcə də təravətli güllərin ömrünü uzadır. Məşhur “Cücələrim” mahnısı da Suğra Bağırzadənin ifasında dillər əzbərinə çevrilib və bu istedadı onu doğma Azərbaycanın hüdudlarından kənarda da tanıdıb. Bütün bunlarla yanaşı, aktrisanın əvvəllər güllərlə işləmək həvəsi kimi başlayan hobbisi tədricən daha bir peşəyə keçid alaraq, güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini qazandırıb.
Əməkdar artist Suğra Bağırzadə sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Sonra Suğra Bağırzadənin orijinal kompozisiyalarının nümayiş etdirildiyi sərgiyə baxış keçirilib.