Oktyabrın 4-də Xətai Sənət Mərkəzində mərhum rəssam–pedaqoq Əbdül Şərifovun xatirəsinə həsr olunmuş sərgi açılıb.
AzərTAC xəbər verir ki, sərgi çərçivəsində rəssamın “Sənətini paylaşa bilən sənətkar” adlı kitabının təqdimatı da olub. Kitabda Əbdül Şərifovun yaradıcılığı haqqında məlumat, yaratdığı əsərlərdən nümunələr və xatirə fotoları yer alıb.
Mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, sərgidə Əbdül Şərifovun yağlı boya ilə həyatı boyu ərsəyə gətirdiyi əsərləri sərgilənir. Sərgidə həm də mərhum rəssamın tələbələrinin rəsmləri yer alıb: “İnsan var ki, rəssam ola bilər ancaq pedaqoq ola bilməz. Əbdül Şərifov uzun müddət Xətai Sənət Mərkəzində baş müəllim kimi çalışıb. Biz dost idik. Onun bizi tərk etməsi bizi çox kədərləndirir. Əbdül Şərifovun xatirəsini əbədiləşdirmək üçün onun əsərlərindən ibarət sərgi təşkil etdik”.
Xalq rəssamı Arif Hüseynov mərhum həmkarını istedadlı bir sənətkar kimi xarakterizə edib: “Mən Əbdül Şərifovun sənətinə bələdəm, ancaq bu dəfə onun əsərlərinə baxanda onu yenidən kəşf etdim. O, Xətai Sənət Mərkəzində vaxtilə çalışıb və müəllim kimi tələbələr yetişdirib. Tələbələr onun yaddaşıdır. İnsan nə qədər yadda qalırsa o qədər də sevilir”.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Əbdül Şərifovun müəllimi olduğunu deyib. Bildirib ki, müəllimlər adətən məşhur rəssam olmaq iddialarını müəllimliyə qurban verirlər. Əbdül Şərifov da belə müəllimlərdən idi.
Sonra Əbdül Şərifovun sənət, tələbə yoldaşları və tələbələri mərhum sənətkarla olan xatirələrini bölüşüb, Xətai Sənət Mərkəzinin bu təşəbbüsünü yüksək qiymətləndiriblər.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.