“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” layihəsində Şuşa qalası

 

Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir. Layihə çərçivəsində təqdimatlardan biri Şuşa qalasına həsr olunub.

 

Alınmazlıq simvolu olan Şuşa qalası - Şuşa şəhərini əhatə edən qala divarlarıdır. 1751-ci ildə sərt, əlçatmaz qayalarla əhatə olunmuş və təbii qala olan Şuşa ovalığında Pənahəli xanın göstərişi ilə Pənahabad qalasının inşasına başlanılır. 1756-cı ildə xanlığın paytaxtı Pənahabada köçürülür. Bir müddət sonra xalq qalanı Şuşa qalası adlandırır. Bu ad yerləşdiyi ərazinin təbii formasına uyğun olub, qədim türk dilində "yayla, şiş qaya, piramida" mənasını daşıyır. 

Qala dəniz səviyyəsindən 1300 - 1600 metr hündürlükdə yerləşən və dərin uçurumlarla əhatə edilən dağ yaylasında yerləşir. Əlçatmaz zirvədə yerləşən qalanın üstünlüklərindən biri də buradan bütün ətraf ərazilərin yaxşı müşahidə olunması və nəzarət edilməsi idi ki, bu da düşmənin qəfil hücumunun qarşısını alırdı.

Arran memarlıq məktəbi üslubunda inşa edilmiş Şuşa qalasının tikintisində yerli daş və əhəng məhlulundan istifadə olunub. 

Qala divarlarının hündürlüyü 8 metrədək, eni isə 2,2 metrdir. Hər 50 metrdən bir dairəvi mühafizə bürclərinə malikdir. 

Qalanın dörd qapısı olub. Baş qala qapısı şimalda olub Gəncə qapısı adlanırdı. İrəvan qapısı qalanı qərb bölgələr ilə birləşdirirdi. Digər iki qapı Şuşa ətrafı dağ kəndləri ilə əlaqələr üçün nəzərdə tutulmuşdu.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.