“Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəsi davam edir.
Layihə çərçivəsində növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın milli qadın geyim nümunələrindən biri olan “Çəpkən”ə həsr olunub.
Şuşanın milli geyimləri rəngarəngliyi, forma müxtəlifliyi, göz oxşayan rəngləri, yenilikləri ilə üstünlük təşkil edərək digər bölgələrin geyimlərindən seçilir.
Qadın geyimləri dəstində çiyin geyimləri özünün rəng seçimi, estetik gözəlliyi, biçim mütənasibliyi və çoxçeşidliliyi ilə diqqəti daha çox cəlb edir. XIX-XX əsrin əvvəllərində bölgənin qadın geyimləri kompleksində çəpkən, arxalıq, baharı, kürdü, pullu çəpkən və digər geyim tipləri daha çox istifadədə olmuşdur. Bölgənin geyim mədəniyyəti kompleksində qadın çiyin geyimlərindən olan çəpkənlərin xüsusi yeri vardır.
Çəpkəni iqtisadi imkandan asılı olaraq bəzən bahalı ipək parçalardan, bəzən də pambıq, yun və adi parçalardan hazırlayırdılar. Rəng seçimi çəpkəndə daha ciddi nəzərə alınırdı. Belə ki, cavan gəlin və qızlar qırmızı, mavi, yaşıl; yaşlılar göy, palıdı, bənövşəyi, qara parçalardan tikilmiş çəpkənə üstünlük verirdilər. Çəpkən bədəni bel yerinə qədər kip tutur, buradan isə yanlarda qoyulmuş çapıq vasitəsilə enlənirdi. Çəpkənin yaxasının hər iki tərəfinə bəzən cərgə ilə qızıl və gümüş pullar və müxtəlif bəzəklər (pərək, muncuq, qoza) tikilirdi. Belə çəpkənlər “pullu çəpkən” adlanırdı.