YARAT “İNSƏN” adlı multidistiplinar rəsmlər sərgisi açıb

 

İsti yay günlərində YARAT Müasir İncəsənət Mərkəzində açılan multidistiplinar rəssam Çingizin “İNSƏN” adlı yeni fərdi sərgisi diqqət çəkməkdədir. 

 

“İNSƏN”, Çingizin şəxsi təcrübə prizmasından qaynaqlanan və cəmiyyətin fərqli aspektlərini işıqlandırdığı immersiv fərdi layihəsidir. Rəssamın emalatxanasının prototipi kimi çıxış edən, bununla yanaşı canlı, daima inkişafda olan vahid orqanizm kimi təqdim edilən layihə, interaktiv və prosesdə olan sərgidir. Sərginin əsas qəhrəmanı isə zamanın nəbzi və nəfəsi ilə yaşayan, dəyişən İnsan və onun əməlləridir. 

Sərginin kuratoru Fərəh Ələkbərli sərgi haqda məlumat verib: 

“Bu əslində çox fərqli layihədir. Çünki hamının öyrəşdiyi, bildiyi adi sərgi deyil, 6 ay müddətində işlənib hazırlanan bir layihədir. Rəssamın konsepti ondan ibarətdir ki, o, heç kəslə dialoqa girmir və sərgi haqda danışmağı, hansısa bir məlumatı paylaşmır. O, demək istədiklərini əsərləri vasitəsilə tamaşaçılara çatdırır. Bu ideyanı açıqlamaq üçün dövrün metamorfozlarını, təsir və əks təsirlərini təcəssüm edən heykəl və instalyasiyalar müxtəlif situasiyaların göstəricisi qismində çıxış edir. İnsan və onun ətrafı, hissləri və emosiyaları, təzad və alternativləri üzərində fokuslanan sərgi, baş verən bütün proseslərin mərkəzi, əsas iştirakçısı və performeri olan insanı önə çəkir”.

Sərgidə ağıllı və küt insan prototipi anlamına gələn iki insan beyni, “pambıqdan” düzəldilmiş nərdivan, “yumşaq qəfəs” nümayiş olunan eksponatlar arasında daha çox nəzərə çarpır. 

İnsanı kitab şəklində təqdim edən rəssam öz düşüncəsində onu açıq həm də bağlı formada görür. Biri ziyalı, oxumuş, digəri isə yatmış, dünyadan xəbərsiz kimi təsvir olunur. 

İnsanların həyəcanını göstərmək üçün içərisindən alov püskürən təbil sanki rəssamın təlatümlü aləmindən xəbər verir.

Sərgi, Çingizin sənətdə formalaşmasına əhəmiyyətli təsir göstərmiş atası Tofiq Babayevə həsr olunub.

Hər bir ziyarətçi oktyabrın 4-dək sərgi ilə tanış ola bilər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.