Növbəti təqdim edilən Şuşanın Saatlı məhəlləsindəki məscid oldu Featured

 

Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. Layihənin "Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Saatlı məscidinə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, şəhərin Saatlı məhəlləsində yerləşən eyniadlı tarixi məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya daxil edilib. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə imamzadə türbəsinin memarı olan Kərbəlay Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilib.

Tarixdən bəllidir ki, şuşanın Saatlı məhəlləsini əsasən Qazax mahalından köçüb gələnlər inşa etmişlər. Saatlı məhəllə məscidi olsa da, şəhərin digər məhəllə məscidlərindən həm həcmi, həm də memarlıq quruluşu ilə fərqlənirdi.

Tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara sahib olan ibadət zalı üçnefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz sayda tağ keçidlər yaranır. Divarların səthi həndəsi fiqurlar və nəbati naxışlarla tərtib olunub. Məscidin tək minarəsi binanın arxa tərəfində inşa olunub. Belə güman edilir ki, minarə məscidlə eyni vaxtda deyil, bir qədər sonrakı illərdə ucaldılıb.

1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. Şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunandan sonra məsciddə təmizlik işləri aparılıb, müəyyən təmir işləri görülüb. 

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidini də ziyarət edib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş “Qurani-Şərif” hədiyyə edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.