UNESCO gəncləri beynəlxalq fotoqrafiya müsabiqəsində iştirak etməyə dəvət edir

 

UNESCO-nun “Gənclərin İpək Yollarına baxışı” adlı Proqramı çərçivəsində beynəlxalq fotoqrafiya müsabiqəsinə start verilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, UNESCO-nun İpək Yolları Proqramı çərçivəsində və qurumun Sosial və Humanitar Elmlər Sektorunun UNESCO Gənclər Proqramının məqsədlərinə uyğun olaraq təşkil edilən fotomüsabiqənin 2022-ci il nəşri iyulun 17-dək davam edəcək. 

İpək yolları dəniz və quru yolları şəbəkəsindən ibarət geniş regionu əhatə edir. Cənubi Asiya və Cənub-Şərqi Asiya, Orta Asiya yarımadası, Rusiya düzənlikləri, İran və Anadolu yaylaları, Ərəbistan yarımadası, eləcə də Tanzaniyadan Mərakeşə qədər Şimali Afrika və Şimal-Şərqi Afrika, Fransa ilə Pireney yarımadasını birləşdirən, Şərqi və Cənubi Avropa boyunca uzanan İpək yolu ölkələrinin gənclərinə ünvanlanan “Gənclərin İpək Yollarına Baxışı” müsabiqəsi bu bölgələrdə yaşayan və ya oraya səyahət etmiş gənclərə düşüncələrini bölüşməyə, İpək yollarında qarşılıqlı əlaqə və mübadilələrdən qaynaqlanan ümumi mədəni irsi və plüralist kimlikləri daha yaxşı anlamağa imkanı verir. Müsabiqə İpək yollarının əhatə etdiyi müxtəlif insanlar arasında qarşılıqlı anlaşmanı və sülhü təşviq etmək üçün bu qarşılıqlı mədəni əlaqələri və görüşləri müasir dünyaya yaymaq məqsədilə fotoqrafiyadan istifadəni təşviq edir.

Müsabiqə iki fərqli yaş qrupunu əhatə edir: 14-17 və 18-25. Üçüncü dəfə təşkil olunan müsabiqəyə bu il “İnanc və mənəviyyatlar” və “Birlikdə yaşamaq” kimi iki mövzu üzrə fotolar qəbul edilir. 

Fotolar seçki komissiyası tərəfindən nəzərdən keçiriləcək və hər yaş kateqoriyası üzrə qaliblər müəyyən olunacaq. Müsabiqə mükafatlandırma mərasimi ilə başa çatacaq. Birinci yerin qaliblərinə professional fotoaparat, ikinci yerin qaliblərinə yarıprofessional kamera, üçüncü yerin qaliblərinə isə rəqəmsal kamera (standart) hədiyyə olunacaq. 

Bundan əlavə, COVID-19 məhdudiyyətlərinə uyğun olaraq, qaliblərin mərasimdə iştirakı üçün bütün xərclər ödəniləcək. UNESCO-nun dəvətinə əsasən, yaşı 17-dən az olan laureatları böyüklər müşayiət edə biləcəklər.

Qalib fotolar arasından ən yaxşı 50 fotoşəkil dünyanın müxtəlif ölkələrində sərgilənəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.