Tezliklə Ağdamın Cümə və Qiyaslı məscidlərinin bərpasına başlanılacaq. Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri” adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Azad olunan ərazilərdə 706-sı dövlət qeydiyyatda olmaqla 2600-dən çox tarix mədəniyyət abidələri var. Şuşa qalası, Xudafərin körpüləri, Gəncəsər, Xudavəng Monastrı, Qutlu Musa türbəsi, 1.5 milyon illik yaşı olan Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarix mədəni abidələrdir. Bunlardan Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev-muzeyi artıq bərpa edilib. Həmçinin Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı məscidinin bərpası işləri davam etdirilir. Yaxın zamanlarda Ağdam Cümə, Qiyaslı məscidinin bərpasına başlanılacaq. Paralel olaraq Üzərliktəpədə də arxeoloji işlər aparılır. Bu işlər yekunlaşdıqdan sonra ərazidə infrastruktur layihələrinin icrası nəzərdə tutulur”, - deyə Azad Cəfərli diqqətə çatdırıb.
Başqa bir xəbər isə Bakı xanlarının sarayı ilə bağlıdır, sarayın bərpası başa çatıb və yaxın vaxtlarda sarayın açılış mərasimi keçiriləcək.
Bu xəbəri isə həmin tədbirdə “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxışı zamanı səsləndirib. O deyib:
“Digər tarixi abidələrlə yanaşı, Bakı xanlarının sarayının da bərpası nəzərdə tutulmuşdu. Artıq bərpa işləri yekunlaşıb. Yaxın zamanlarda onun açılışı olacaq və ziyarətçilərin ixtiyarına veriləcək”.