Aprelin 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Four seasons of Shusha” beynəlxalq fotoqrafiya müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransı keçirilib.
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçı olduğu layihədə ilə bağlı mətbuat konfransında Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə “Şuşa İli”ndə həyata keçirilən layihələrdən danışaraq bildirib ki, Şuşanın mədəni adət-ənənələrinin dirçəldilməsi istiqamətində “Xarıbülbül” Musiqi Festivalı, Vaqif Poeziya Günləri kimi ənənəvi mədəni tədbirlərlə yanaşı, bu il Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı ədəbiyyat festivalının keçirilməsi də nəzərdə tutulur.
Onun verdiyi məlumata görə, bu il həyata vəsiqə alan yeni layihələrdən bir də “Şuşa söhbətləri” adlanır. Layihə çərçivəsində tanınmış mədəniyyət xadimləri ilə ənənəvi məclislər təşkil olunacaq, eyni zamanda 44 günlük Vətən müharibəsində iştirak edən qazilərlə söhbətlər təşkil ediləcək.
“Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu haqda qərar TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul edilib. Əvvəlcə Şuşaya həsr olunmuş heykəltəraşlıq müsabiqəsi təşkil olunacaq və müsabiqə iyunun 15-dək davam edəcək. İstedadlı gənclər layihəyə dəvət olunur. Bu yaxınlarda “Danışır Şuşa” adlı layihəyə də başlanılıb. Layihə Şuşanın mədəni irsi, orada yerləşən abidələr, Şuşa muğamı, musiqisi ilə bağlıdır. Layihə xarici dillərdə də yayımlanacaq ki, bu da Şuşanın təbliği baxımından çox vacibdir. Bir sözlə, bu qəbildən olan bir çox layihələrimiz var ki, onları reallaşdırmağı düşünürük”, - deyə nazirliyin şöbə müdiri bildirib.
“Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsi barədə məlumat verən M.Qafarzadə deyib ki, layihəyə aprelin sonu, mayın əvvəli start veriləcək. Azərbaycana səfər edəcək fotoqraflar Şuşada bir neçə gün qalacaq və şəhərə ekskursiya təşkil ediləcək. Həmin fotoların dünya sərgilərində nümayişi gözlənir.
Yeni layihə barədə iştirakçılara məlumat verən Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva deyib: “Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsində tanınmış fotoqrafların iştirakı nəzərdə tutulur. Layihənin kuratoru italiyalı Anjello Buçarellidir. Məqsəd Şuşanın zəngin mədəniyyətini, memarlığını məşhur fotoqrafların əsərlər vasitəsilə dünyada təbliğ etməkdir.
Qeyd edib ki, layihə çərçivəsində azərbaycanlı və xarici fotoqrafların 2022-ci ilin qış, yaz, yay və payız fəsillərində Şuşa şəhərinə səfərləri təşkil olunacaq, hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınacaq və həmin fotoşəkillərdən ibarət sərgi açılacaq.
Layihənin kuratoru, italiyalı Anjello Buçarelli özü haqda məlumat verib. Bildirib ki, o, dünyanın bir çox ölkələrində mədəni layihələrdə iştirak edib. Çin, Meksika, ABŞ və Avropanın bir neçə ölkələrində çalışıb.
Azərbaycanda belə bir layihədə iştirakından məmnunluğunu ifadə edən A.Buçarelli layihənin yaranma səbəbindən danışıb. Qeyd edib ki, Qarabağı dünyada təbliğ etmək istəyi təsadüfi yaranmayıb. İkinci Qarabağ müharibəsində qazanılan qələbə bütün dünyada Azərbaycan xalqının vətənpərvərliyinə, yurd sevgisinə böyük rəğbət hissi doğurub: “Biz müasir dünyada yaşadığımız üçün şəkillər vasitəsilə məlumatı dünyaya çatdırmağı daha məqsədəuyğun hesab edirik, çünki bütün dünyada baş verənlərə şəkillə baxmaq daha maraqlıdır. Biz Şuşanı 4 fəsildə təqdim etməyi qərara aldıq. Düşündük ki, hər fəsli fərqli fotoqraf lentə alsın. Dörd müxtəlif fotoqraf 4 müxtəlif ölkədən Azərbaycana səfər edəcək. Bu qlobal bir layihədir. Türkiyə, Almaniya, İsveçrə və Finlandiyadan gələcək fotoqraflar layihəyə qoşularaq ümumilikdə 120 şəkil çəkəcəklər. Şəkillər toplandıqdan sonra kataloq halında dərc ediləcək, daha sonra müxtəlif ölkələrdə sərgi şəklində nümayiş olunacaq. Həmçinin şəkillər onlayn formada da yayımlanacaq. Mədəniyyət Nazirliyi bu şəkillərdən istədiyi formada istifadə edəcək”.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.