Bu gün Xalça Muzeyində yeni layihənin təqdimatı olacaq

 

Bu gün, Martın 29-da Azərbaycan Milli Xalça Muzeyində “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsinin təqdimat mərasimi keçiriləcək.

AzərTAC xəbər verir ki, bu beynəlxalq nüfuza malik art-menecer və təcrübəli sənətşünas Cahangir Səlimxanovun “Mədəni üfüqlər” adlı müəllif proqramına daxil olan 6 layihədən biridir. Könül Rəfiyevanın kuratoru olduğu layihə innovativ təqdimat üsullarının sərgi məkanına tətbiqi nümunəsidir.

Burada muzey kolleksiyasının ən dəyərli eksponatlarından olan XVIII əsrə aid unikal Qarabağ xalçasının videoinstalyasiyası nümayiş etdiriləcək. Ziyarətçilər martın 29-da saat 10.00-dan 18.00-dək ekspozisiyada yerləşdirilən videoinstalyasiya ilə tanış ola biləcəklər.

Qrafik-dizayner Timur Əmirxanovun vizuallaşdırdığı videoinstalyasiya elektron musiqi prodüseri və tar ifaçısı İbrahim Babayevin “vİBrant” adlı yeni albomuna daxil olan “Muğam+” bəstəsi ilə müşaiyət edilir.

“Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsi Almaniya Xarici İşlər Nazirliyinin Mədəniyyət və Təhsil Təşkilatlarına Beynəlxalq Yardım Fondu (International Relief Fund2021), Höte İnstitutu və digər tərəfdaşların maliyyələşdirdiyi, mədəniyyət və incəsənət xadimləri üçün nəzərdə tutulan “Mədəni üfüqlər” adlı təhsil proqramı çərçivəsində həyata keçirilir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.