Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilmişdir ki, bununla da bağlı Mədəniyyət Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilir. Onlardan biri də heykəltəraşlıq müsabiqəsinin elan edilməsidir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltəraşlıq abidələrinin qorunmasıdır.
Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.
Müsabiqənin şərtləri:
Heykəltəraşlar tərəfindən Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltəraşlıq nümunələrinin tunc, mərmər və bürünc materialdan heykəllər hazırlanaraq Mədəniyyət Nazirliyə təqdim edilməlidir. Təqdim olunan heykəltəraşlıq nümunələrinin minimal 50 sm. olmaqla 1 metr hündürlüyünədək hazırlanması əsas şərtlərdən biridir.
Mükafatlar:
Birinci yer (1 nəfər) – I dərəcəli diplom və 8000 manat
İkinci yer (2 nəfər) – II dərəcəli diplom və 4000 manat
Üçüncü yer (3 nəfər) – III dərəcəli diplom və 3000 manat
Həvəsləndirici mükafat (10 nəfər) – 500 manat
Müsabiqənin müddəti:
Müsabiqə 15 mart - 15 iyun 2022-ci il tarixlərində keçiriləcəkdir.
İlkin mərhələ:
15.03.22– 15.06.22
– müsabiqənin elan edilməsi, rəssamların dəvət olunması, müsabiqə iştirakçıları tərəfindən heykəllərin işlənib hazırlanması, heykəllərin qəbulu
Əsas mərhələlər:
– heykəllərin nəzərdən keçirilməsi, iştirakçıların ilkin seçimi
– qalibin seçilməsi və elan edilməsi
– heykəlin təşkilat komitəsi tərəfindən qəbul edilməsi.
Müsabiqədə iştirakın şərtləri:
1. Müsabiqədə şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar yerli və xarici heykəltəraşlar iştirak edə bilərlər.
2. Namizədlər müsabiqədə iştirak etmək üçün təyin edilmiş nümunə üzrə ərizəni təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan heykəllər qəbul edilir.
3. Namizədlər tərəfindən təqdim olunmuş heykəllər üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müvafiq materialları müsabiqəyə göndərmiş şəxs daşıyır.
4. Müəllif ərizə vermək və nəzərdən keçirilməsi üçün heykəli təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün heykəli Mədəniyyət Nazirliyinə (Bakı şəhəri, Hökümət Evi) təqdim etmək və ya elektron poçt vasitəsilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərmək lazımdır.
5. Müsabiqənin təşkilat komitəsi verilmiş heykəllər arasından yalnız bir qalib müəyyənləşdirir. Müsabiqə iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq; müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.
6. Heykəllərin təqdim edilməsi üçün son tarix: 15 iyun 2022-ci il.
7. Müsabiqənin mövzusu “Şuşa”.
8. Hekəlin materialı: tunc, mərmər və bürünc
Hər bir heykəl həm fərdi iştirakçı, həm də komanda tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır.
Müsabiqəyə yekun vurulması:
Finalda iştirak edən heykəl nümunələri müsabiqənin populyarlaşdırılması və daha geniş tamaşaçı kütləsinə çatdırılması məqsədilə təşkilatçı tərəfindən KİV-də işıqlandırıla bilər. Bu halda heykəl layihəçilərinin müəllifliyi qorunub saxlanılır.
Və ən nəhayət: Doldurulmuş qeydiyyat forması 15 iyun 2022-ci il tarixinədək müsabiqənin təşkilat komitəsinə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərilməlidir.
Əziz heykəltəraşlar, necə deyərlər, bu meydan, bu şeytan.
Şəkildə: Şuşada Xurşidbanu Natəvanın heykəli. Əminik ki, bu müsabiqə Şuşada ucaldıla biləcək abidələrin üzə çıxmasına şərait yaradacaq.