OĞUZ ABİDƏLƏRİ: Maluq qalası Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi  

 

 

Oğuz abidələri ilə tanışlığımız davam edir. Bu gün Maluq qalası barədə danışacağıq. Maluq qalası Oğuz rayonunun Maluq yaşayış sahəsindən cənubda Qaraçayın sahilində, düzənlik ərazidə yerləşir.

 

Qalanın adı yazılı mənbələrdə 1053 və 1071–1072-ci illərin hadisələri ilə əlaqədar xatırlanır. "Malux" sözünün alban dillərində "biraz", "bir parça" mənalarını verdiyi qeyd edilir.

Qala dördkünc biçimli olub küncləri dairəvi bürclərlə, divarları isə yarımdairəvi kontrforslarla möhkəmləndirilmişdir. Maluq qalası çaydaşından tərkibinə xırda çınqıl və kömür qırıntıları qatılmış kirəc məhlulla hörülmüşdür. Şimal və qərb divarları güclü dağıntiya məruz qalmışdır. Nisbətən yaxşı mühafizə olunmuş yerlərdə qala divarının hündürlüyü 2–6 metrə çatır. Qalanı dərinliyi 2 metr, eni bəzi yerlərdə 12–15 metr olan müdafiə xəndəyi əhatə edir. Xəndəyin şimal hissəsindən çay yatağının keçməsi və qalanın cənub tərəfindəki divarında körpü yerlərinin olması sübut edir ki, müdafiə zamanı qalanı əhatə edən xəndək su ilə doldurulurdu. Arxeoloq N.Muxtarovun fikrincə, bu qala Azərbaycanın şimal-qərb zonasında yeganə düzənlik qalası olub.

Maluq qalası Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərindən başlayıb Şəki-Qax-Balakən istiqamətində Gürcüstana doğru irəliləyən ən qədim və ən böyük ticarət yollarından birinin üstündə yerləşib. Tədqiqatçılar qeyd edirlər ki, uzaq keçmişdə Maluq böyük, əzəmətli, abad və çox məşhur bir qala-şəhər tipli yaşayış məntəqəsi olub. Karvansarası, bazarı, dükanı, məbədi varmış. Qərbdən – ta Gürcüstandan Şamaxıya kimi gedən karvanlar burada gecələyər, sonra yollarına davam edərmişlər.

Mənbələrə görə 1053-cü ildə Şirvanşah Sallar ibn Yezid (1049–1063) Maluq qalasına hücum edərək, zor gücünə onu Şəki hakimindən almış, qalanı möhkəmləndirmiş, orada özünün hərbi hissəsini, ərzaq ehtiyatını və silahlılarını yerləşdirmişdi.

Qalanın strateji mövqedə yerləşməsi Salları qala ətrafında möhkəmləndirilmiş şəhərcik salmağa, orada məscid tikdirməyə, öz adamlarını qalada yerləşdirməyə vadar etmişdi. Şirvanşah məhz bu qaladan "kafirlər"in üzərinə hücumlar edir və onların ölkəyə müdaxiləsinin qarşısını ala bilirdi.

"Tarix-i əl-Bab"a görə, 1071-ci ilin payızında Şəki hökmdarı Axsartan Maluq qalasını ələ keçirmiş, oraya öz "müavinini" rəhbər təyin etmişdir. Bundan sonra – Şirvanşah I Fəribürz (1063–1096) ilə Şəddadi hökmdarı Fəzl ibn Şavur qalanı birlikdə geri almaq üçün öz aralarında razılığa gələrək qalanı mühasirə alıb və 1072-ci ilin iyun ayında ələ keçirib bünövrəsinə qədər söküblər; orada olan bütün "dinsizləri" – qalanın bütün müdafiəçilərini isə qətlə yetiriblər. Qala-şəhər əhalisinin bir hissəsi qərb tərəfə qaçıb, bir qismi Qax rayonunda məskunlaşıb, dağ döşündə kənd salıblar.

Nə isə, gəlib gəzməyə və görməyə dəyər bir məkandır. Buyurun, gəlin!

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.