İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bilirsiniz, dünyaya xalçanı, xalçaçılıq məktəbini, məhz Azərbaycan bəxş edib. (Abdulla Səfi)
Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların bəzədilməsindən başlamış, habelə yaşayış evlərinin, sarayların və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir. Xalçaçılıq Azərbaycanda da ən qədim sənət sahələrindən biridir.
Xalça firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı çox əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən biri olmuşdur. Hələ qədim zamanlardan yaxşı toxunmuş xalçaların miqdarı ailənin rifahı və firavanlığı üçün əsas göstəricilərdən hesab olunurdu. Bütün orta əsrlər dövründə əhali vergiləri xalçalarla və xalça məmulatları ilə ödəyirdi.
Əhalinin həyat tərzi xalçaçılığın xüsusiyyətlərini də şərtləndirirdi. Baxmayaraq ki, xalça və xalça məmulatları şah və feodal saraylarını, tacir və sənətkar evlərini, maldar çadırlarını, kənd evlərini eyni dərəcədə bəzəyirdilər, onlar ölçülərinə, tiplərinə, funksional xüsusiyyət və keyfiyyətlərinə görə müxtəlifliyi ilə seçilirdilər. Zadəganlar məişətdə böyük, bahalı xovlu xalçalardan, maldarlar isə əsasən daha yüngül xovsuz xalça və xalça məmulatlarından (çuval, məfrəş, heybə və s.) istifadə edirdi.
- Xovsuz xalçalar xovlulardan daha çox qədim olan xovsuz özünəməxsus naxışı və parlaq koloriti ilə fərqlənir. Xovsuz xalçaları həm də xalqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq "məişət xalçaları" adlandırırlar. Bu növ xalçalara çətən, həsir, palaz, kilim, ladı, zili, vərni, sumax, şəddə və başqaları aid edilir. Xovsuz xalçalar digər xalça növlərindən asan toxunur, ancaq bu xalçalarda xovlu xalçalar kimi də yüksək istismar keyfiyyətlərinə malikdirlər.
- Xovlu xalçalar, buraya yerə döşənən və divardan asılan xalçaları, gəbələri, dəst xalı-gəbələri, namazlıqları və s. kimi növlər aid etmək olar.
- Süjetli xalçalar, Azərbaycanda tematik xalçaların yaranma sənəti zəngin keçmişə malikdir. İlk süjetli xalçalar Cənubi Azərbaycanda, Təbriz şəhərində istehsal olunurdu. Onların istehsalının tərəqqi dövrü XVI əsrə aid edilir.
MARAQLI FAKTLAR
Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "uçan xalça" ("sehrli xalça") sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqatlar davam etdirilir. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir. Tədqiqatlar uğurla aparılarsa, gələcəkdə "uçan xalça"nın şəhərdaxili nəqliyyat vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur.
XX əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan hamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (skit) boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da vardı. Bu 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.
Xalçaçılığa aid ən qədim və qiymətli arxeoloji materiallar keçmiş SSRİ-nin ərazisində Dağlıq Altay kurqanlarındakı daimi buzlaq rayonlarında əldə edilmişdir. Bütöv halda qalmış xalça Pazırık kurqanlarında tapılmışdır və o, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır.
Şəkildə: Azərbaycan xalçaçılıq məktəbinin Xoy (Güney Azərbaycan) qrupuna aid xovlu xalçalar.
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)