Xətai Sənət Mərkəzində “Akvarel təəssüratları” adlı akvarel əsərlərindən ibarət satış sərgisinin açılışı olub.
Mərkəzdən AzərTAC-a bildirilib ki, sərgi Milli Məclisinin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə hazırlanıb.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq sərginin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.
Milli Məclisin deputatları Qənirə Paşayeva, Razi Nurullayev, Xalq rəssamları Ağəli İbrahimov, Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin həmsədri Səbinə İskəndər və Xətai Sənət Mərkəzinin direktoru çıxış edərək rəssamların yaradıcılığı və sərgi haqqında təəssüratlarını bölüşüblər.
Bildirilib ki, sərgi ölkəmizdə suluboya sənətinin inkişafı, təbliği və bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr edilib. Sərgidə 60-a yaxın suluboyaçı rəssam 80-ə qədər əsəri ilə təmsil olunub.
Sərgidə 20-yə yaxın əsər satılıb.
Əsəri sərgilənən rəssamlara hədiyyələr və sertifikatlar təqdim olunub və sərginin elektron kataloqu hazırlanıb.