Bu gün Azərbaycan Milli Xalça Muzeyində israilli rəssam Rami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi açılacaq. Bu, Bakıda doğulub böyüyən, əslən dağ yəhudisi olan rəssamın ölkəmizdə ilk fərdi sərgisidir.
Muzeydən AzərTAC-a bildirilib ki, ekspozisiyada Rami Meirin yaradıcılıq universallığını əks etdirən “Dağ yəhudiləri” silsiləsində işlədiyi otuzdan artıq tablo, metal üzərində döymə texnikasında pannolar, ağacoyma nümunələri, rəssamın rəngkarlıq əsərlərinin motivləri əsasında qiymətli metallardan hazırlanmış dekorativ sikkələr nümayiş olunacaq. Burada rəssamın “Qırmızı Qəsəbədən Quba xalçaçıları” rəngkarlıq əsəri əsasında, xüsusi olaraq bu sərgi üçün toxunmuş eyniadlı xalça da yer alacaq. Sərginin mərkəzi eksponatlarından biri olan, ənənəvi texnikada toxunan çoxfiqurlu portret-xalça Rami Meir və “Azərxalça” ASC-nin birgə layihəsi çərçivəsində Bakıda hazırlanıb.
Ekspozisiyanı sənətkarın kolleksiyasından olan köhnə açıqcalar, XIX-XX əsrlərə aid dekorativ-tətbiqi sənət əsərləri – dini əşyalar, zərgərlik məmulatları, silahlar, mis qablar, milli geyim elementləri tamamlayır.
Sərgidəki bütün eksponatları bir mövzu birləşdirir. Bu, özünəməxsus mədəniyyətə və cuhuri adlanan dilə malik dağ yəhudilərinin tarixi və adət-ənənələridir.
Rami Meir bir neçə il ərzində yaratdığı “Dağ yəhudiləri” silsilə əsərləri üzərində işləyərkən tarixçi-dokumentalist kimi araşdırma aparıb, öz xalqının tarixini zərrə-zərrə bərpa edib. O, həyatın təkcə zahiri tərəfini deyil, həm də bütöv bir etnik qrupun varlığının estetikasını parçaların faktura və ornamentlərində, sinaqoqların memarlığında, yaşayış evləri və sənətkarların dükanlarının bəzədilməsində, insan obrazlarında ən aydın şəkildə çatdırıb. Bundan əlavə, öz mədəniyyətinin dərin qatlarına bələd olan rəssam xalqın mənəvi həyatını, dərin müdrikliyini, fəlsəfəsini əks etdirib.
“Mən xalqımın etibarlı sənədli obrazlarını yaratmağı qarşıma vəzifə qoydum. Buna görə də kitabları, inqilabdan əvvəlki açıqcaları, köhnə qəzetləri, arxiv sənədlərini araşdırdım, ağsaqqalların hekayələrini dinləyərək dağ yəhudilərinin həyatı haqqında daha çox məlumat əldə etdim, ritual qablar, zərgərlik məmulatları, xəncərlər, cib saatları yaratmaq üçün hansı materiallardan istifadə olunduğunu öyrəndim.
Dağ yəhudilərinin o dövrün geyimlərində istifadə etdikləri parçaları, onların teksturasını və ənənəvi rənglərini tədqiq etdim, bütün bu bilikləri rəsmlərə köçürdüm. Bütöv bir xalqın, onun mədəniyyətinin rəngarəng, orijinal obrazlarını qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək üçün rəsm dili mənə ən yaxşı ifadə vasitəsi kimi göründü”, - deyə rəssam bildirib.
O, xüsusi qeyd edib ki, dağ yəhudiləri məhz Azərbaycanda sülh şəraitində yaşamaq, əkinçilik, sənətkarlıq və ticarətlə məşğul olmaq imkanını əldə ediblər: “Xalqımız Qubanı ana yurdu adlandırır. Çünki məhz burada bizim analarımız uzun əsrlər boyu öz oğul və qızlarını dünyaya gətiriblər”.
Qeyd edək ki, sərgidə dağ yəhudilərinin tarixindən bəhs edən sənədli film də nümayiş olunacaq.
Ölkəmizin aparıcı muzeylərindən birinin - Azərbaycan Milli Xalça Muzeyinin 55-ci - yubiley ilinə təsadüf edən “Bir xalqın tarixi – bütün dünya üçün” adlı sərgi aprelin 1-dək davam edəcək.