UNESCO-da Andorra Knyazlığının sülh uğrunda mədəniyyət tədbiri layihəsi çərçivəsində “Planet üçün rənglər” adlı 7-ci ArtCamp Andorra sərgisi keçirilib. ArtCamp incəsənət günlərində dünyanın müxtəlif ölkələrindən olan rəssamların əsərləri sərgilənib.
AzərTAC-ın Paris müxbirinin verdiyi xəbərə görə, azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın əsərləri də 7-ci ArtCamp incəsənət sərgisində nümayiş olunub. Əsmər Nərimanbəyova Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyov və istedadlı heykəltəraş, Əməkdar rəssam Elmira Hüseynovanın qızıdır. Onun işləri Fransa, Rusiya, Türkiyə, ABŞ və başqa ölkələrdə, eləcə də UNESCO-da dəfələrlə sərgilənib.
UNESCO-nun ən böyük çağırışlarından biri BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin vektoru və əsas elementi kimi mədəniyyətin rolunu gücləndirməkdir. UNESCO 2020-ci ildə qlobal böhranın yaratdığı böyük problemlər qarşısında sənətkarların dayanıqlığını gücləndirməyi hədəfləyən qlobal ResiliArt hərəkatını başladı. Andorra dünyanın bütün bölgələrində müxtəlif səy və fəaliyyətləri səfərbər etmək, dialoq və qarşılıqlı anlaşmanı təşviq etmək məqsədilə bu hərəkatda iştirak etdi. ArtCamp Andorra layihəsi vasitəsilə Andorra Knyazlığı incəsənət nümayəndələri arasında sülh üçün dialoqun təşviqinə dəstəyini göstərir.
ArtCamp Andorra 2021-ci il layihəsi UNSECO-nun Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşdırılması Onilliyi (2013-2022) çərçivəsində keçirilib. Sərgidə iştirak edən rəssamların nümayiş olunan əsərləri 2015-2030-cu illər BMT-nin təşviq etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilib.
2021-ci il ArtCamp Andorra UNESCO-nun strateji mövzusu olan sülh və davamlı inkişaf mədəniyyətinin təbliğini diqqət mərkəzində saxlayıb.