Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən mədəniyyət günü çərçivəsində İstanbulun Atatürk Mədəniyyət Mərkəzində milli geyimlərimiz nümayiş olunub, milli xalçalarımızdan ibarət sərgi açılıb.
“Ədəbiyyat və incəsənət” portallna Mərkəzdən verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbul Böyükşəhər Bələdiyyə rəhbərinin müavini Oytun Əskəroğlu, Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kamalə Kamal və digərləri Türkiyə ilə Azərbaycan arasındakı tarixi bağlar və ortaq mədəniyyətimiz barədə danışıblar.
Qeyd edilib ki, iki qardaş ölkənin ortaq dəyərləri və tarixi bağları bütün mürəkkəb dövrlərdə özünü ən gözəl şəkildə büruzə verib.
Sonra Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Elmi Fond şöbəsinin müdiri Gülzadə Abdulovanın Azərbaycanı bölgələr üzrə təmsil edən 9 qadın geyimi nümayiş olunub.
Tədbir əsnasında xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulovanın ideya müəllifi olduğu və dünyanın məşhur muzeylərində saxlanılan Azərbaycanın 7 bölgəsinə aid qədim xalçaların replikaları, eləcə də sənətkara məxsusu, özündə Qarabağ Zəfərini əks etdirən “Ata vəsiyyəti – oğul Zəfəri” adlı dünyada analoqu olmayan ikiüzlü xalça sərgilənib.
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)