BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Eight Group” şirkəti ilə birgə təşkilatçılığı və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə tələbələrin əsərlərindən ibarət “Yaşıl Dünya Naminə Həmrəylik” adlı sərgi açılacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AƏrTAC-a istinadən məlumat verir.
Bu gün açılan və oktyabrın 17-dək davam edəcək, paytaxtın “QGallery” sərgi salonunda keçiriləcək sərgidə müasir insanın düşdüyü ekoloji vəziyyətlə bağlı fikirlərini əks etdirən sənət əsərləri nümayiş etdiriləcək. Sərginin məqsədi incəsənət vasitəsilə tamaşaçının diqqətini təbiətə müdaxilənin nəticələrinə, ekologiyanın insan mədəniyyətinin səviyyəsindən asılılığına, ətraf mühitdə baş verən dəyişikliklərdə hər kəsin məsuliyyətinə yönəltməkdir.
Bir qədər əvvəl Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin 100-dən çox rəsm əsərinin təqdim edildiyi müsabiqə keçirilib. Akademiyanın rektoru və müəllimlərinin, “Eight Group” qrupunun nümayəndələrinin daxil olduğu münsiflər heyəti təqdim olunmuş işlərin arasından müsabiqə yolu ilə 33 rəsm əsərini seçib.
Təşkilatçıların qeyd etdiyi kimi, bu gün rəssamlar təkcə rəsm çəkməyi bacaran və rəsm çəkən insanlar deyil. Onlar müxtəlif fənlərin kəsişməsində işləyən və aktual suallar verən yaradıcılardır.
“Yaşıl Dünya Naminə Həmrəylik” sərgisində təqdim olunan əsərlər arasında insanın və Yer kürəsində həyatın həm təbii fəlakətlər, həm də öz əməlləri qarşısında acizliyini nümayiş etdirən, müəyyən bir reallıq ab-havasına qərq edən akademik şəkildə işlənmiş mənzərələr var.
“Yaşıl Dünya Naminə Həmrəylik” sərgisinin konsepsiyasının əsasını ekoloji şüurun, şüurlu istehlakın və təbiətə qayğının sadəcə dəb tendensiyası olmadığını ifadə edən çağırış təşkil edir. Bu gün bu, daha çox həyati zərurətdir və ümumi gələcəyimizə töhfədir.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri olan 21 müəllifin 33 əsəri nümayiş olunacaq. Müsabiqənin nəticələri elan ediləcək, müsabiqənin üç finalçısına pul mükafatı veriləcək. Əlavə olaraq yeddi iştirakçıya da pul mükafatının verilməsi nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)