Biz niyə “heykəl ucaltmaq” deyirik? Featured

“Ədəbiyyat və incəsənət” portalının AÇIQ MİKROFON rubrikasında növbəti ziyalımız - Sərraf Balaxan heykəllər barədə danışır. 

 

Aşıq Ələsgərin heykəli/abidəsi haqqında fərqli fikirlərin (xüsusən heykəli bəyənməyənlərin fikirlərinin) tutarlı əsasları vardır. Xalqımızın düşüncəsində heykəl anlayışı uca, əzəmətli, əbədi anlamında başa düşülür. “Heykəl ucaltmaq” ifadəsi də buradan gəlir. 

 

Biz heykəli yüksəkdə, əlçatmaz bir yerdə təsəvvür edirik. Azərbaycanda heykəllər ilk dəfə qoyulanda məhz belə olmuşdur. Bəzən heykəllərin pyedestalları – bünövrələri heykəldən daha əzəmətli və hündür olmuşdur. Nizaminin, Füzulinin, Nəriman Nərimanovun, hətta Sabirin, Səməd Vurğunun da heykəlləri əlçatmaz yüksəklikdə yerləşdirilmişdir. İnsanlar heç onların ayaqlarına belə toxuna bilmirlər. 

Bəlkə də dəqiq olmayacaq, amma mənim gördüyüm pyedestalı kiçik olan ilk heykəl Əliağa Vahidə qoyulmuşdur. Sonradan o pyedestaldan tamamilə götürülərək bir ağac kimi İçəri Şəhərdə əkildi.  

Azərbaycanda ümumən pyedestalsız ilk heykəl deyəsən Müslüm Maqomayevə qoyuldu. O zaman insanlar Aşıq Ələsgərin heykəlinə göstərdikləri münasibəti o heykələ də göstərdilər. 

Heykəlin alınıb-alınmaması sənətşünasların mövzusudur. Məni heykəldə cəlb edən əsas məqam onun dinamik olmasıdır. Koroğlunun, Niyazinin, Müslüm Maqomayevin, Rəşid Behbudovun və Aşıq Ələsgərin heykəllərində məhz bu dinamika var. Diqqətlə heykələ tamaşa etdikdə elə təsəvvür yaranır ki, sanki o indi əllərini hərəkət etdirəcək, yaxud bir addım atacaq. Azərbaycanda daha öncə ucaldılan heykəllərin mütləq əksəriyyəti statik olmuşdur.

Xatırlayıram, Çində bir sıra şəhərləri gəzdim, orda heykəllərin hamısı dinamik idi, hətta nəhəng heykəlində belə Konfusi insanlara kitab oxuyurdu.

Dinamizminə görə heykəli bəyəndim.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.