Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
“Azərbaycan, doğma vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram”
Bu gün SSRİ Xalq rəssamı fəxri adına layiq görülmüş ilk Azərbaycanlı rəssam, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, xalq rəssamı, professor Mikayıl Abdullayevin anım günüdür.
Mikayıl Hüseyn oğlu Abdullayev 1921-ci il dekabrın 19-da Bakıda anadan olmuşdur. O, 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1949-cu ildə isə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir.
Moskvada təhsil aldığı dövrdə o, burada dünya şöhrətli rəssamlardan - İ.E.Qrabar, V.V.Fakorskaya, S.V.Gerasimov və başqa görkəmli fırça ustalarından dərs almışdır.
1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii sərgisində “Axşam” əsəri ilə iştirak etmiş və bu əsər ona böyük uğur və tamaşaçı marağı gətirmişdir.
Rəssamın ilk fərdi sərgisi də Moskvada keçirilmişdir.
O, Bakıya qayıdanda artıq tanınan və sevilən məşhur bir rəssam idi.
Mikayıl Abdullayev demək olar ki, təsviri sənətin bütün sahələrində dəzgah rəngkarlığı, qrafika, teatr dekorasiyası, monumental rəngkarlıq və s çalışıb.
Rəssamın əsərləri dünyanı bir çox
şəhərlərində təşkil olunan beynəlxalq
sərgilərdə və festivallarda nümayiş olunub,
dəfələrlə müxtəlif mükafatlara layiq
görülüb. 1966-1967-ci illərdə Berlin və
Leypsiqdə, eləcə də sonrakı illərdə
başqa şəhərlərdə fərdi sərgiləri keçirilib. Onun əsərləri dünyanın müxtəlif muzey, qalereya və şəxsi kolleksiyalarında
saxlanılır. Rəsmləri ilə yanaşı özünəməxsus yazı üslubu olan sənət
ustasının öz yaradıcılığı və dünya
sənətkarlığı barədə məqalələri müxtəlif qəzet və jurnallarda dərc edilib.
Rəssamın şöhrətinə yeni çalarlar gətirən “Mingəçevir işıqları” əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgilənib.
O, müxtəlif illərdə bir çoxxarici ölkələrdə -
Hindistan, Əfqanıstan, Macarıstan, Polşa,
İtaliya və digər ölkələrdə yaradıcılıq
ezamiyyətlərində olmuş və təəssüratlarını
əsərləri ilə ifadə etmişdir.
Əsasən tematik tablolar ustası kimi tanınan Mikayıl Abdullayev portretlər də yaratmış, bir sıra kitablara illüstrasiyalar da çəkmişdir.
Onun portretləri arasında Üzeyir Hacıbəyovun portreti xüsusi diqqət çəkir.
Vətəni qarış-qarış gəzməyi çox sevən rəssamın cənub bölgəsinə olan səfərindən yadigar qalan əsərləri o qədər maraqlı və baxımlı idi ki, onlardan biri - “Sevinc” lövhəsi 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya sərgisində gümüş medala layiq görülüb.
Rəssam elə 1974-cü ildə layiq görüldüyü Azərbaycan Dövlət mükafatı laureatı adını da məhz bu tablolarına görə almışdır.
Mikayıl Abdullayev Azərbaycan təsviri sənətin inkişafında göstərdiyi xidmətlərə görə 1955-ci ildə Azərbaycan SSR Əməkdar
İncəsənət Xadimi fəxri adı alıb. 1958-ci ildə
SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib. 1963-cü ildə SSRİ Xalq rəssamı
fəxri adına, 1969-cu ildə beynəlxalq
C.Nehru mükafatına, 1974-cü ildə
Azərbaycan SSR Dövlət Mükafatına layiq
görülüb. Xüsusi ilə qeyd etmək lazımdır ki, o, SSRİ Xalq rəssamı fəxri adına layiq
görülmüş ilk Azərbaycan rəssamı
olub.
O, həmçinin bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Mikayıl Abdullayev 2002-ci il avqustun 21-də ömrünün 81-ci ilində vəfat etmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(21.08.2024)