Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov digərlərindən nə ilə seçilib? Onunla ki, o, rənglərin ahəngini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirməyi bacarıb.
Mən onun rəsmlərində narın təsvirini görüncə sanki Azərbaycanı görmüşəm.
Bu böyük sənətkar dünyaya
Buzovnadan, İçərişəhərdən, Abşerondan boylanıb, amma bütün Azərbaycanı vəsf edib.
Dünən Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasının 94-cü ildönümü tamam oldu.
T.Nərimanbəyovun babası şuşalı hüquqşünas Əmirbəy Nərimanbəyov çar II Nikolay dövründə mühacirətdə olub və Kiyevdə dərs deyib. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Vətənə qayıdıb və Bakıda qubernator olub. Əmirbəyin oğlu Fərman (Toğrulun atası) da Şuşada doğulub. Tuluza Universitetinin mühəndis–elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov İrma Lya Rude adlı fransız modelyerlə evlənib.
Fransada yaşayan ailənin ilk övladı Vidadi də - yeri gəlmişlın qeyd edim ki, o da rəssam olub - elə orada dünyaya gəlib. 1929-cu ildə Fərman Nərimanbəyov xanımı və oğlu ilə birlikdə Bakıya qayıdıb. 1930-cu il avqustun 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu - Toğrul dünyaya gəlib.
Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.
Tezliklə Nərimanbəyovlar ailəsinin başının üstünü qara buludlar alır. Toğrulun atası Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır. Onu həbs edib Sibirə sürgünə göndərirlər.
1941-ci ildə Toğrulun anası, Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs edilir, onu öz balalarından ayıraraq Səmərqəndə sürgün edirlər. Toğrulun anası 1961-ci ilədək sürgündə yaşayır.
Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildə isə Litva İncəsənət İnstitutunda Monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı öyrənir. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşür. Onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verilir və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olur.
Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən Vətənə qayıdır.
Uşaqlıqdan çəkdiyi əziyyətlər, rastlaşdığı ədalətsizliklər Toğrulun əzmkarlığını daha da artırır və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edə bilir.
Görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənir. T.Nərimanbəyovun iç dünyasını təcəssüm etdirən bənzərsiz lövhələri Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.
Nar onun rəsmlərində Göyçaydan Bakıya, oradan da Parisə, Nyu-Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxıb. Qəribə və qeyri-adi yaradıcılıq qabiliyyətinə malik Xalq rəssamı Toğrul Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır. Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.
Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi.
O, müsahibələrindən birində deyib: “Rəssam olmasaydım, yəqin ki, heykəltaraş, ya bəlkə də vokalist olardım. Rəssamlıqda hər şey əvvəldən məlumdur. Başlanğıc da, iş prosesi də, sonluq da. Vokal isə tamam başqa bir aləmdir. Mən hər səhərimi torağay kimi mahnı ilə açıram”.
T.Nərimanbəyovun zəhməti heç də hədər getməyib. O, 30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə dünyaşöhrətli bəstəkar Fikrət Əmirovun "Nəsimi dastanı", 1980-ci ildə isə "Min bir gecə" əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatı alıb.
Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır. Maraqlıdır ki, bu məsələdən rəssamın özünün də uzun müddət xəbəri olmayıb.
2000-ci ildə T.Nərimanbəyov Azərbaycanın "İstiqlal" ordeni, 2010-cu ildə isə "Şərəf" ordeni ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın bu ali mükafatlarına layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın 80 illik yubileyi dövlət səviyyəsində keçirilib. Yubiley tədbirləri nəinki doğma vətənində, hətta ölkəmizin sərhədlərindən kənarda da qeyd edilib.
Dünyaşöhrətli fırça ustası 2013-cü il iyunun 2-də Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(08.08.2024)