RƏSSAM NƏRİMANBƏYOVLAR - Vidadinın 98 illiyinə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Manşet şəklində Vidadi və Toğrul Nərimanbəyovları görürsünüz. Əlbəttə ki, Toğrulu hamı tanıdı. Halbuki, Vidadi də qardaşı kimi məşhur rəssam olub. 

Ötən gün Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 98 il ötdü. 

 

Azərbaycanın Xalq rəssamı, “Şöhrət” ordeni laureatı, Qrekov adına gümüş medalın sahibi, dünyaşöhrətli şəxsiyyət, Azərbaycan təsviri incəsənətinə böyük töhfə vermiş Vidadi Nərimanbəyov 1926-cı il iyulun 13-də Fransanın Kann şəhərində Fərman Nərimanbəyovun ailəsində dünyaya göz açıb. 1929-cu ildə Fərman Nərimanbəyov milliyyətcə fransız olan həyat yoldaşı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdıb. 1930-cu il avqust ayının 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu Toğrul dünyaya gəlib. 

Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Vidadinin də, qardaşının da tərbiyələrinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmalarına təsir edir. 

 

Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Fərman o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndərirlər.

Ardınca 1941-ci ildə Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs edilir. Ananı öz balalarından ayırırlar. İrma xanımı Özbəkistana - Səmərqəndə sürgün edirlər. O, 1961-ci ilə qədər sürgündə yaşamağa məcbur olur. Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərirmanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Belə ki, Vidadi Nərimanbəyov əvvəlcə rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda, sonra isə V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında davam etdirir. Bu təhsil ocaqlarında dövrünün böyük rəssamlarından dərs alan Vidadi Nərimanbəyov yaradıcılığında ənənələrə sadiq qalıb.

 

Rəssam könüllü olaraq İkinci Dünya müharibəsinə yolladığından müharibə mövzusuna yaradıcılığının bütün dövrlərində müraciət edib. Vidadi Nərimanbəyovun bu mövzuda olan əsərləri SSRİ mədəniyyət günlərində nümayiş olunub.

V.Nərimanbəyov tələbə ikən "Düşmənin sevinci..." tablosu ilə şöhrət qazanıb. Gənc rəssam həmin əsərdə qəribə mənzərə təsvir edib. Açıq səmanın, Günəşin fonunda qara bulud layları təsvir olunub. Tablonun önündə iki insan obrazı görünür. Onlardan biri yağış, digəri quraqlıq arzulayır. Bu mənzərə o qədər inandırıcı, bədii, gələcəyə inam, ümid həvəsi ilə işlənib ki, seyrçilər əsərə yaradıcı əməyin məhsulu kimi yox, həyat həqiqətinin rəmzi tək baxır, müəllifin fikrini asanlıqla dərk edirlər. Vidadi Nərimanbəyov 1963-cü ildə "Yolda" monumental, irihəcmli tablosu onu daha da şöhrətləndirib. Əsərin süjeti, kompozisiya quruluşu sadədir, lakin diqqətlə baxanda dərin məntiqi insanı düşünməyə vadar edir. Müəllif az ştrixlə mövzunu açmağa nail olub. Əsər Azərbaycan Milli İncəsənət Muzeyinin daimi eksponatıdır.

V.Nərimanbəyovun əsərlərinin əsas qəhrəmanı insandır. Tablolarda onların müxtəlif anları, ovqatları əbədiləşib. Çöhrələrindən gah sevinc, fərəh, gah da məyusluq, kədər duyulur. Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi açılmışdır. Dinindən, dilindən, irqindən asılı olmayaraq, qədirbilən sənətsevərlər fırça ustasının yaradıcılığından mənəvi zövq almış, əsərlərinin hər birini yüksək qiymətləndirmişdilər.

Görkəmli təsviri sənət ustası fəal çalışır, bir-birindən baxımlı mənzərələr, obrazlar yaradırdı. 20 Yanvara həsr etdiyi “Qatillər” tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilmiş, qəddar sovet rejiminə qarşı nifrət oyatmışdı. Milli dəyərləri daim uca tutan rəssam quduzlaşan ermənilərin ümumiləşmiş obrazını yaratmışdı.

Özündə Azərbaycan və Fransa kimi iki ölkəni və iki nəhəng mədəniyyəti cəmləşdirən bu görkəmli rəssam 1961-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. O, 1982-ci ildə Azərbaycan Xalq rəssamı adına layiq görülüb. 2001-ci ildə “Şöhrət” ordeni ilə mükafatlandırılan Nərimanbəyov elə həmin il dekabrın 13-də Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

Şəkildə: Rəssam qardaşlar.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.