Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli ötən gün keçirdiyi mətbuat konfransında təmsil etdiyi qurumun ötənilki fəaliyyəti barədə danışıb, bu il görüləcək işlər barədə məlumat verib.
Xidmət rəisinin verdiyi məlumatlar arasında Şabran rayonunda yerləşən dünya əhəmiyyətli “Çıraqqala” abidəsi və Qazax rayonunda yerləşən, ötən əsrin əvvəllərində xalqımızın bir çox tanınmış ziyalısına təhsil verən Qazax müəllimlər seminariyasının təmir və bərpa işlərinin vəziyyəti xüsusi maraq doğurub.
Məlum olub ki, V-VI əsrlərə aid “Çıraqqala” mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır, ölkəmizin ən qədim tarixi abidələrindəndir, orada möhkəmləndirmə və bərpa-konservasiya işləri Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilməkdədir. Ötən müddət ərzində bərpa-konservasiya işlərinə start verilib və bərpa üzrə zəruri tədbirlər görülüb. Dəniz səviyyəsindən 1234 metr hündürlükdə yerləşən bu abidənin bərpası həm daxili, həm də xarici ziyarətçilər üçün böyük maraq kəsb edəcəkdir.
Qazax rayonunda yerləşən Müəllimlər Seminariyasının qədim binasının bərpa olunması işinə də artıq başlanılıb və prosesin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.