Ötən gün Xalçaçı Gününü qeyd etdik Featured

5 may Xalçaçı Günü kimi qeyd edilir. Bu münasibətlə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi paylaşım edib. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, paylaşlmda deyilir:

 

“Azərbaycan Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı əsasında hər il may ayının 5-i respublikamızda Xalçaçı Günü - xalçaçıların peşə bayramı günü olaraq keçirilir.

Ulusumuzun fitrətdən gələn istedadını, dünyagörüşünü, estetikasını, xeyirxahlığını, yaratmaq-yaşatmaq eşqini, gözəllik duyumunu, bir sözlə, iç dünyasını rəmzlərdə, naxışlarda, rənglərdə yaşadan Azərbaycan xalça sənətinin yaşı çox qədimlərə dayanır. Bu tarix, ən azı, Pazırık xalçasından başlayır (b.e.ö. IV-V- yüzilliklər, Bərdə). Nəzərə alsaq ki, Pazırık xalçası kimi bir kamil əsərin meydana çıxması birdən-birə, təsadüfən olmur, o zaman, Pazırıköncəsi zəngin sənət dünyamız olduğunu tərəddüdsüz deyə bilərik. 

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsisi, ayrı-ayrı şəhər və rayonlarımızda çağdaş tələblərə cavab verən xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi xalçaçılığa, bu sənəti yaşadanlara göstərilən yüksək dövlət qayğısının, parlaq diqqətin təcallasıdır. 

Azərbaycan Milli Xalça Muzeyinin binası nadir memarlıq abidələrindən biridir, bununla yanaşı, onun çoxfunksiyalı çağdaş fəaliyyəti də yerli və xarici sənətşünaslar, mədəniyyət bilicələri, sənətsevərlər tərəfindən yüksək təqdirlə qarşılanır.

Bəlli olduğu kimi, Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs örnəkləri siyahısına daxil edilib. - Bu önəmli hadisənin təşəbbüskarı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xalçaçılığın yaşadılmasına, inkişafına dəyərli töhfələrini minnətdarlıqla vurğulayırıq. Xalçaçıların fəaliyyət imkanlarının genişləndirilməsində, onların uğurlarının beynəlxalq miqyasda təbliğində,

ümumiyyətlə, milli mədəniyyətimizin inkişafında

Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. 

Beləliklə, artıq 6 ildir mayın 5-i - “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün Azərbaycanda “Xalçaçı Günü” kimi bayram edilir.

Biz də, bu anlamlı gündə bütün xalçaçılarımızı təbrik edir, onlara əl əməyi, göz nuru və ruh gücü ilə yaratdıqları gözəl əsərlərə görə təşəkkür edir, haqq dünyasında olan xalçaçılarımıza rəhmət diləyirik”!

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.