Görkəmli memar Zivər bəy Əhmədbəyov haqqında nələri bilmirik?

Fevralın 16-sı Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının ilk Baş memarı olmuş Zivər bəy Əhmədbəyovun anım günüdür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi görkəmli memarı dərin ehtiramla yad edərək, Zivər bəyin həyat və fəaliyyəti barədə geniş məqaləni təqdim edir.

 

1873-cü ildə Şamaxıda bir bəy övladı dünyaya gəlir. Adını Zivər qoyurlar. Şamaxının tanınmış Əhmədbəyovlar nəslindən olan Gəray bəylə dövrünün ziyalı qadını Töhfə xanımın 9 uşaqlı ailəsində doğulan Zivər kiçik yaşlarından xüsusi istedadı ilə seçilir. Sonralar isə o, adını Bakının ilk azərbaycanlı Baş memarı kimi tarixə yazdıra bilir.

Zivərin uşaqlığı Şamaxının Sarıtorpaq məhəlləsində keçib. Anası Töhfə xanım musiqi, ədəbiyyat və poeziya həvəskarı idi və bu, Zivərin gələcək karyerasının formalaşmasına təsirsiz ötüşmədi. Rəssamlığa və incəsənətə böyük marağı onu memar olmağa həvəsləndirdi. Ən böyük arzusu isə yüksək təhsil alıb, qədim Şirvan memarlıq məktəbini, xalqımızın zəngin ənənələrini yaşatmaq və gözəl sənət nümunələri yaratmaq idi.

Zivərin bu amalına dövrünün tanınmış neft maqnatı Şəmsi Əsədullayev işıq tutdu. Beləcə, təəssübkeş azərbaycanlı milyonçunun vəsaiti hesabına Zivər 1902-ci ildə Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirməyə müvəffəq oldu.

Dövrünə görə mükəmməl təhsil alan Zivər bəyin ilk azərbaycanlı memar kimi peşəkar fəaliyyəti isə doğulub boya-başa çatdığı Şamaxı şəhərindən başlayır. Təəssüf ki, həmin ərəfədə, yəni 1902-ci ilin yanvarın 31-də Şamaxıda baş verən dəhşətli zəlzələ onun həyatında acı izlər buraxır. Zivər bəy açıq səma altında daş məzarlığı xatırladan, yerlə-yeksan olmuş doğma şəhərini yenidən dirçəltmək üçün gərgin əmək sərf edir. O, Şamaxının yenidən tikilməsi, küçələrin, yolların planlı qurulması işində yaxından iştirak edir. 8-ci əsr İslam memarlıq abidələrindən olan Cümə məscidinin zəlzələdən sonra yeni layihəsini hazırlayan Zivər bəy son dərəcə gözəl bir memarlıq nümunəsi yaradır. Şamaxının Baş memarı kimi peşəkarlığı sayəsində doğma şəhərində tamamilə dağılmış digər tikililər də yüksək səviyyədə bərpa edilir, Şamaxı özünün normal şəhər həyatına qovuşur.

Lakin Cümə məscidinin sonrakı bərpa işləri məşhur memar İosif Ploşkoya həvalə edilir. Buna səbəb isə məscidin Zivər bəy tərəfindən hazırlanan yenidənqurma layihəsində xarici cizgilərinin qorumasıyla bağlı yaranan fikir ayrılıqları olub və nəticədə o, sonrakı bərpa işlərindən uzaqlaşdırılıb.

Bakıya köçdükdən sonra isə Zivər bəy Bakı Quberniya İdarəsində, sonra isə Bakı Şəhər İdarəsində memar işləyir. Qısa müddətdən sonra Bakı şəhərinin Baş memarı vəzifəsinə təyin olunur. Onun bu vəzifəyə təyinatı Xalq Cümhuriyyəti dövrünə təsadüf edib və 1922-ci ilə qədər fəaliyyət göstərib.

Həmin dövrdə Bakı sənaye şəhəri kimi inkişaf edirdi. Şəhərin memarlıq nümunələri xüsusi ornamentləri ilə fərqlənirdi. Zivər bəy Əhmədbəyov öz layihələrində Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə sintez edirdi. Bu səbəbdən də paytaxtın qubernatoru və ali təbəqəsi şəxsi mülklərinin layihəsini məhz ona etibar edirdi. Bu gün Bakını bəzəyən, dərin məzmunlu arxitekturası, möhtəşəmliyi ilə göz oxşayan bir çox tikililər məhz Zivər bəy Əhmədbəyovun adı ilə bağlıdır.

Hazırda Bakıya yaraşıq verən tikililərin sırasında Təzəpir məscidi də xüsusi memarlıq üslubu ilə fərqlənir. Məscid məşhur Aşurbəyovlar nəslinin nümayəndəsi Nabat xanımın vəsaiti ilə məhz Zivər bəy Əhmədbəyovun layihəsi əsasında 1905-1914-cü illərdə tikilib. Məscidin Şərqin memarlıq üslubuna uyğun inşa edilməsinə nail olmaq üçün Nabat xanım Zivər bəyi öncə Məkkə və Mədinəyə, İstanbula təcrübə toplamağa göndərir. Zivər bəy Şərqin zəngin məscid memarlığını mənimsəyib geri dönəndən sonra arzuladığı hündür ikimərtəbəli (yaruslu) minarəsi olan möhtəşəm məscidin layihəsini hazırlayır.

Bunun ardınca isə Zivər bəy Nabat xanımın qardaşı Əjdər bəy Aşurbəyovun sifarişi ilə indiki Göy məscid adlandırılan məşhur Əjdər bəy məscidini layihələndirir. Məkkədəki Kəbə evinin, Kərbəla məscidinin elementlərini özündə əks etdirən bu müqəddəs məbəd 1912-1913-cü illərdə tikilib istifadəyə verilir.

Memarın Əmircanda tikdiyi məscid isə hazırda Şərq memarlığının ən yaxşı incilərindən biri kimi qorunur. Məscid 1901-1908-ci illərdə bakılı mesenant Murtuza Muxtarovun sifarişi ilə tikilib. Bünövrəsi  Kərbəlayi Əhməd adlı usta tərəfindən qoyulan binanın tikintisi sonradan Zivər bəyin iştirakı ilə başa çatır. Məscidin minarələri iki yaruslu formadadır və bu dəst-xətt Azərbaycan memarlığında Zivər bəyə məxsus bir ilkdir.

Vaxtilə Bakıda inşa edilən Doğum evi (1910-cu illər), “Səadət” məktəbi (1911-12), Uşaq xəstəxanası (indiki Elmi-Tədqiqat Ana və Uşaq Mühafızəsi İnstitutu, 1914-1916), Oftalmologiya İnstitutunun binaları da onun uğurlu sənət əsərləridir.

Təkcə Bakıda deyil, Rusiyanın Vladiqafqaz şəhərində bir sıra yaşayış, məişət binaları da məhz Zivər bəy Əhmədbəyov  layihəsi əsasında inşa edilib.

Zivər bəy Əhmədbəyov 1925-ci ildə Bakıda vəfat edib. Bizlərə gözəl sənət inciləri bəxş edən, özündən sonra böyük memarlıq irsi qoyan Zivər bəyin adı bu gün də hörmətlə yad edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə ölkəmizdə xatirəsi əbədiləşdirilib. 2011-ci ilin mayında Bakıda “Nizami” metro stansiyasının qarşısında Zivər bəy Əhmədbəyov adına park salınıb, heykəli ucaldılıb. Bütün bunlar dövlətimizin və xalqımızın böyük memarın xatirəsinə sonsuz ehtiramının bariz nümunəsidir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.