Məşhur fransız fotoqrafı Pol Nadarın əsərləri ilk dəfə dekabrın 18-dən 2022-ci il fevralın 15-dək Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdiriləcək.
AzərTAC xəbər verir ki, sərgi Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi arasında birgə əməkdaşlıq çərçivəsində açılacaq. Sərgiyə Fransa Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanası öz dəstəyini göstərir. Sərginin kuratoru Könül Rəfiyevadır.
Sərgidə təqdim ediləcək onlarla fotoşəkil Fransa Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Memarlıq və İrs Multimedia Kitabxanasının fotoarxivində saxlanılan orijinal neqativlərinin müasir çaplarıdır ki, onlar sərgi çərçivəsində üç tematik hissəyə bölünmüşdür: “Dahilərin portretləri”, “Bakı”, “Türküstana səyahət”.
Qeyd edək ki, Pol Nadar (1856-1939), XIX əsrdə Fransada fotoqrafiya sənətinin qabaqcıllarından biri və nüfuzlu “Nadar” fotoqrafiya şirkətinin banisi, heç də az məşhur olmayan Feliks Nadarın (1820-1910) ailəsində doğulub. Atasının layiqli varisi Pol Nadar dövrünün ən istedadlı fransız fotoqraflarından biridir və sənətini uzaq səyahətlərlə daha da inkişaf etdirib.
Təkcə “Nadar” adı fransız fotoqrafiya tarixinin önəmli bir hissəsini xatırladır. Bu əsl ailə hekayəsində Feliks Turnaşon, daha sonra oğlu Pol sənət karyeraları boyunca “Nadar” adını daşımışlar.
Feliks Turnaşon (1820-1910) 20 yaşındaykən Nadar adını daşımağa qərar verir. 1854-cü ildə əksəriyyəti satirik olan 300 karikatura ilə “Pantheon Nadar”ortaya çıxır: bu onu məşhurlaşdırır. 1860-cı ildə Parisin Kapüsin Bulvarında yerləşən lüks studiyasına köçür. O, Parisin ilk havadan görüntülərini çəkmək üçün hava şarına ilk minənlərdəndir. Onun müasirlərinin portretləri bizə ən məşhur simaların xüsusi ifadəli obrazlarını bəxş edir: Şarl Bodler, Ejen Delakrua, Viktor Hüqo, Jorj Sand və s.
Məşhur fotoqraf Feliks Nadarın yeganə oğlu və varisi Pol Nadar uşaqlıqdan atasının studiyasında işləyir və özünü yalnız fotoqrafiya sənətinə həsr edir. 1890-cı ildə Parisdən Şərq Ekspressi ilə yola düşən fotoqraf, 18 avqust 1890-cı ildə İstanbula gəlir. Qara dənizdəki Batumi limanından keçib Tbilisidə dayanaraq, Bakıya çatır. Pol Nadarın Bakıya səfəri zamanı çəkdiyi yerlər 1890-cı ildə tamam fərqli görünürdü. Ona görə də onun fotoşəkilləri XIX əsrin sonlarında Azərbaycanın paytaxtı haqqında böyük əhəmiyyət kəsb edən sənədli sübutdur. Nadar Bakının unikal memarlıq nümunələrini (“Qoşa Qala” qapıları, Müqəddəs Nikolay kilsəsi, Şirvanşahlar Sarayı), dükan və canlı bazarların həyatını, səyyar tacirləri, yerli əhalini, şəhər cəmiyyətini, ailələri, uşaqları lentə alır.
Bakıdan sonra Xəzər dənizindən keçid onu yenicə salınmış rus limanı Uzun Adaya gətirib çıxarır. Uzun Adadan Səmərqəndə qədər bu səhralıq diyarı əvvəl dəmir yolu, sonra at arabası ilə gəzərək səyahətini Daşkəndə qədər davam etdirir və orada fotoşəkillərin təqdimatı ilə universal sərgidə iştirak edir.