Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb.
Gənclər Günü münasibətilə təşkil olunan sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) prorektoru, Xalq rəssamı Səlhab Məmmədov çıxış edərək hər il ənənəvi sərginin əhəmiyyətini qeyd edib. Bu barədə AzərTAC məlumat yayıb.
Ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən söz açan Xalq rəssamı dövlət başçısının gənclərə böyük diqqət və qayğı göstərdiyini deyib. Bildirilib ki, sərgidə ADRA ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, eləcə də sahə üzrə müstəqil gənc rəssamların əl işləri nümayiş olunur. Ekspozisiyada müxtəlif janrlarda rəngkarlıq, qrafika, heykəltaraşlıq, tikmə, xalçaçılıq, dekorativ-tətbiqi sənət üzrə əsərlər yer alıb.
Sənətşünas, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev gənc rəssamların mövzu dairəsinin genişlənməsinin vacibliyini vurğulayıb. Qalib dövlətin gəncləri kimi onların əsərlərində bu ruhu hiss etdirmələrini, Vətən müharibəsində Qələbə mövzusuna geniş yer vermələrini tövsiyə edib.
Çıxışlardan sonra bir neçə gənc rəssama Azərbaycan Rəssamlar İttifaqına üzvlüklə bağlı vəsiqələr təqdim olunub.
Daha sonra qonaqlar sərgi ilə tanış oldular.
Ümumilikdə 160 əsərin nümayiş olunduğu sərgi bu gün yekunlaşacaq.
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)