Bruno Katalono və onun sürrealist heykəl kolleksiyası ilə Avropada “natamam heykəl” hərəkatı Featured

Hafiz Əhmədov yazır

 

“Ədəbiyyat və incəsənət” portalı sərhədlər tanımayan jurnalist Hafiz Əhmədovun toxunduğu növbəti mövzuya da biganə qala bilmədi. Bu dəfə söhbət qeyri adi heykəllərdən və onların yaradıcısından gedəcək. 

 

Sosial şəbəkələrdə həmişə qarşıma natamam bədən heykəlləri çıxırdı. Kimisinin ürəyi, kimisinin, qolu, böyrəyi, mədəsi, ayağı, başı və hətta bütün bədəni yox və s... Hamısının əlində isə bir çamadan... Bu heykəllər çox diqqətimi çəkərdi, bəzən də ürəyim ağrıyardı... Niyə? Çünki, bu hissələri əskik olan insan heykəlləri evini, ailəsini, vətənini tərk etmək məcburiyyətində qalan insanların qürbətdə yaşadıqları çətinlikləri, ağrı-acıları özündə əks etdirir. Mühacir, qaçqın, miqrant olmağın zülmlərini dünyaya nümayiş etdirir. 

Mən çox çətinliklə də olsa həmin yarım, natamam bədən heykəllərinin müəllifini tapdım. O, dünya şöhrətli fransız-italyan heykəltəraş Bruno Katalanodur. Çox az müddət ərzində yaxın dost olduq. Müsahibə təklifimi də qəbul etdi, sualları göndərdim. Xeyli müddət keçdi, cavablar gəlmədi. Bir gün mənə yazdı ki, "mənim ingiliscəm çox zəifdir, fikirlərimi tam ifadə edə bilmirəm, buna görə də qızımı gözləyirəm. Qızım ingilis dilini yaxşı bilir, gələndə birlikdə suallarına cavab verəcəyəm".

Nəhayət, Yeni ilə 4 gün qalmış eksklüziv müsahibəmi göndərdilər. Çox sevindim.... Bir neçə mühüm məqamları diqqətinizə çatdırmaq istərdim. Bruno Katalano Mərakeşdə anadan olub. Gənc yaşlarından etibarən postkolonial cəmiyyətdə var olmaq üçün mübarizə aparmağa başlayıb. Daha sonra ailəsi ilə birlikdə Fransada məskunlaşmalı olublar. Məhz bir çox köç hekayələri Afrikanı tərk edən bu sənətkarın əsas ilham mənbəyi olub. 

Bruno Katalanonun etirafları mənə çox təsir etmişdi. Müsahibəni oxuduqca qəribə hisslər keçirirdim... Öz Vətəni Mərakeşi tərk etmək məcburiyyətində qalan bu balaca uşaq, ailəsi ilə birlikdə köçdüyü Fransada çox çətinliklər yaşayıb... Məktəbdən çıxıb işləməli, çörək pulu qazanmalı olub. Böyük bir okean gəmisində elektrik işləyib. Gəmi sahilə yan aldıqca mühacirlərlə tanış olub. Onların həyatı, mübarizəsi gələcəyin məşhur heykəltəraşına çox təsir edib.

Bruno müsahibə zamanı etiraf edir ki, əslində onun ailəsində heç kimə sənətə hörmət etməyib, hamı yalnız maddiatı düşünüb.... Nəisə - Bruno gəmidə elektrik işləyən zaman narkotikə qurşanıb. Həyatı məhv olmaq üzrə imiş. Bir gün bu bəladan xilas olmaq üçün həkimə müraciət edib. Həkim onu terapiyaya göndərib. Terapiya zamanı gillə tanış olub. Narkotiki atıb, gili tutub. Həyatında ilk dəfə əlini gilə vurub fiqurlar, heykəllər düzəldib... Bundan sonra onun heykəltəraşlıq həyatı başlayıb. 35 yaşında bütün işini dayandırıb heykəltəraşlığa tam keçid edib və hər gün səhər 7-dən axşam 8-ə kimi heykəllər düzəldib. İstirahət günü olmadan və 15 il heç bir pul qazanmadan, dayanmadan çalışıb. İlk heykəlini 45 yaşında satıb... İndi isə dünyanın ən məşhur heykəltəraşlarından biridir. 2013-cü ildə “Les Voyageurs” (“Səyahətçilər”) adlı sürrealist heykəl kolleksiyası ilə Avrupada “natamam heykəl”  hərəkatının əsasını qoyub.... Daha nələr-nələr....

Bu müsahibə jurnalist fəaliyyətimdə ən dəyərli, ən özəl müsahibələrimdən biridir... Azərbaycan və ingilis dillərində mütləq oxuyun. 

 

P.S. Oxuculara bildiririk ki, müsahibə ilə Hafiztimes.com saytından tanış ola bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.