Könül, “Ədəbiyyat və incəsənət”
Rənglər təbiətdə çox gözəldirlər, əksərən, palitrada da eyni gözəllik daşıya bilirlər. Təbiət mənzərəsini görürsən, həzz duyursan, amma keçib gedirsən, bu həzz ötəri olur. Kətandakı gözəllik isə daim səninlə qalır, istədiyin an baxır, zövq alırsan. Bax bu cəhətdən rəssamlar seçilmiş insanlardır, rəsmlər isə zəngin sərvət.
Rəssamlıq karyerasına 2012-ci ildən başlayan, 2021-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan, eləcə də UNESCO nəzdində Beynəlxalq Profesional Rəssamlar İttifaqına (IAA/AIAP) üzv olan Nigar Helmi Abbasbəylini bizlərə tanıdan və sevdirən son silsilə əsərləri olub ki, bunlar da Qarabağ mövzusundadır.
“Gövhər Ağa məscidi”, “Bülbül evinin xarabalıqları”, “Pənahəli xan sarayının xarabalıqları” və “Varəzgün məbədi” kimi məşhur əsərlərindən bəziləri “Assosiasiya des Artistes Contemporains de Turquie à Paris”, “ART expo New-York”, “Art3f Monaco Beynəlxalq Müasir İncəsənət Sərgisi” kimi bir sıra incəsənət nümayiş və sərgilərinin diqqətini çəkib.
Əlbəttə ki, incəsənət elə bir sahədir ki, burada təmsil olunan hər bir şəxs öz nümayiş etdirdiyi sənəti böyüklüyündə olur. Nə artıq, nə əskik. Burada heç bir şey səni öz ampluandan çıxarıb daha geniş diapazonda göstərməyə qadir deyil. Yüzlərlə sənətşünas, jurnalist cəh-cəh vurub səni tərifləsələr, PR-ına milyonlar xərclənsə, yenə də fitri istedadın yoxdusa da, səndən brend düzəltmək mümkün olmayacaq.
Nigar Helmi Abbasbəyli özünü məhz öz “Qarabağnamə”si ilə təsdiqləyib. Bu rəsmlər müxtəlif sərgi salonlarında elitar insanların zövqünü oxşayıb, üstəlik, Qarabağımızın talanan mədəni irsi barədə statistik dünya insanına zəruri məlumatları ötürüb. Elə məhz buna görə də bu rəssam xanımın yaradıcılığı diqqətəlayiqdir.
DOSYESİ
Nigar Helmi Abbasbəyli 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Mədəniyyət və İncəsənət kollecini, 1998-ci ildə Xəzər Universitetinin Beynəlxalq jurnalistika və ingilis dili filologiya və tərcuməçiliyi fakültəsini, 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
3 övlad anası olan Nigar xanım Mirzə Nəsrulla Əmirovun nəticəsidir. Bəli, bu həmin o Mirzə Nəsrulla Əmirovdur ki, ötən əsrin əvvəllərində Naxçıvanın erməni daşnaklarından qorunmasını təşkil etmiş, orada misilsiz xeyriyyəçilik işlərini həyata keçirmişdir.
Qeyd etdiyimiz kimi, Nigar xanımımın indiyədək bir çox mötəbər sərgiləri baş tutub.
Siyahıya diqqət edək:
2021 / 29 iyun – 05 iyul – “Vətənin mirasları” fərdi sərgisi, Bakı, Azərbaycan;
2021 / 27-29 avqust — Salon International d’art Contemporain Art3f Monaco;
2021 / 22–24 oktyabr - Carrousel du Louvre, Paris, France;
2022 / 9-22 may - Solo exhibition "Karabakh Heritage", Atatürk Cultural Center, Istanbul, Turkey;
2023 / 19 mart – “Qadın rahiyəsi” fərdi sərgisi, Bakı, Azərbaycan;
2023 / 29 mart – 3 aprel - New York “Art Expo “, New-York, USA
2023 / 19-20 aprel, Solo exhibition "Karabakh Heritage” GSO Ankara, Turkey.
XƏZƏRDƏN İLHAMLANARAQ
Rəssamlıq bilavasitə nədənsə ilhamlanaraq ifadə edilən bir sənət növüdür. Rəssam yaratdığı peyzajı, natürmörtü, portreti onu özündən alan təbiət lövhəsi, görüncə ağlını başından alan insan siması olmayınca əsla yarada bilməz. Nigar Helmi Abbasbəylinin ilham mənbəyi isə mavi Xəzərdir.
Deyir ki, “Xəzər hər bir azərbaycanlı üçün nədirsə, mənim üçün də odur. Ruhumdur, vətənimin bir parçasıdır. Ruhumun qidalandığı yerdir, ilham qaynağımdır. Mənim evimdə studiyam elə yerləşir ki, bir divarı tamamilə şəffafdır və tamailə dənizi bütöv görərək, ona baxaraq bəzən səhərə qədər kətan üzərində yağlı rəsmlərimi ərsəyə gətirirəm. Və onu da qeyd edim ki, Qarabağla bağlı yaratdığım əsərlərin ilk şahidi məhz Xəzər dənizidir. Mən səhərə qədər Bayatı-Şirazı dinləyərək “Qarabağın mirası” sərgisini çox qısa müddətdə hazırlayıb ərsəyə gətirdim. Bilirsiniz ki, insanlarda başqa bir xüsusiyyət var. Bəzən eşidib, amma dinləyə bilmirlər. Amma dəniz səni həm eşidir, həm də dinləyir. Ona görə Xəzərin mahiyyəti mənim üçün özəldir, ruhumun qidalandığı yerdir.”
YOLUN BAŞLANĞICI
Bəzən yaradıcılar tam təkəbbürlü olurlar, yola çıxan kimi artıq onu bitirdiklərini zənn edir, özlərini mənzil başına çatmış kimi görürlər. Amma Nigar Helmi Abbasbəylidə bunun tam əksidir. Ortaya qoyulacaq çox ciddi uğurlar, nəticələr olduğu halda özünü yolun lap başlanğıcında hiss edir.
Deyir ki, “Şəxsən mən hələ özümü bir insan olaraq qalib hesab etmirəm. Çünki bu yolun hələ tam başlanğıcındayam. Və səmimi etiraf edim ki, tamamilə qalib olmaq istəmirəm. Hesab edirəm ki, tamamən qalibiyyət üzərimdə işləməyin, maariflənməyimin dayanmasıdır. Amma mən yaşadıqca daha çox maariflənmək, daha çox öz üzərimdə işləmək, daha çox ruhumun qidalanmasını istəyirəm. Məhz buna görədir ki, hər zaman dayanmadan öz üzərimdə işləyirəm və yolun hələ bayaq qeyd etdiyim kimi, çox əvvəlindəyəm. İnşallah bir gün zirvəyə də, yəqin ki, gələrəm.
“QARABAĞ” KOLLEKSİYASI – DÜNYA BƏLƏDÇİSİ AMPLUASINDA
Qeyd etdik ki, Nigar xanımın uğur zirvəsi “Qarabağ” kolleksiyasıdır. Bu rəsmlər Parisin, Nyu-Yorkun, İstanbulun, Monakonun sərgi salonlarında dil açaraq dünyaya Qarabağ həqiqətləri barədə car çəkib, erməni millətçiliyinin gerçək üzünü göstərib, eləcə də ulu Azərbaycan mədəniyyətini bütün gözəllikləri ilə nümayiş elətdirib. Otuzillik işğal dövrü ərzində Azərbaycanın milli-mədəni və tarixi dəyərlərinin ermənilər tərəfindən dağıdıldığını xatırladan rəssam sərgisinin mövzusunun həmin ərazilərdəki Azərbaycan mirasını, dahi insanların ev-muzeylərini, tarixi abidələri təsvir etmək olduğunu deyib.
Nigar Helmi Abbasbəyli söyləyir: “Qarabağ” kolleksiyasında Şuşada dahi bəstəkarımız Üzeyir Hacıbəylinin dağıdılmış ev-muzeyinn təsviri, Xurşudbanu Natavanın ev-muzeyinin dağıntıları və s. təsvir edilmişdir. Bu kolleksiyanı dünyanı gəzdirməyin bir mesajı var.
Mən bir rəssam olaraq Vətənimə yalnız öz əməlimlə belə xidmət edə bilərəm... Niyə..? Çünki bilirsiniz ki, bizim 926 kitabxanamız, 4 milyona yaxın kitablarımız, 22 muzeyimiz, 4 teatrımız, 85 musiqi məktəbimiz ləğv edilib. Bu, bir millətin başqa bir millətin mirasının məqsədyönlü silinməsidir. Bu nəinki bir Azərbaycana qarşı, bu, insanlığa qarşı da böyük bir barbarlıqdır. Və biz buna susmamalıyıq. Məhz bu səbəbdəndir ki, bu sərgi ilə dünyanı gəzirəm. Bilirsiniz ki, mədəniyyətə qarşı Avropa insanı çox həssasdır. II Dünya müharibəsi zamanı Renesans dövrünün əsərləri dağıdılmasın deyə onu İtaliyada göz bəbəyi kimi qoruyurdular. Niyə..? Çünki italyanlar çox yaxşı anlayırdılar ki, Ulu öndər Heydər Əliyev demiş, bir xalqı yaşadan onun dili və mədəniyyətidir”.
MİSSİYA
Nigar xanımın fırçasından gözəl təbiət lövhələri, portretlər də az çıxmır. Onun “Qadın rayihəsi” adlı sərgisi də kifayət qədər uğur qazanıb. "Qadın rayihəsi" adlı fərdi sərgidə Nigar Helminin realizm və rəngdən qeyri-məhdud istifadəni mükəmməl şəkildə bir araya gətirdiyi 30 rəsm əsəri nümayiş etdirilib. Rəsmlərdəki bütün çiçəklər qadın gözəlliyinin və zərifliyinin simvolu, qadın enerjisinin təzahürü anlamı daşıyıb.
Amma Nigar xanım özünü bir missiya icraçısı hesab edir, ona görə də bu sayaq işlərini arxa planda görür.
O deyir: “Şərq coğrafiyasında məhz Azərbaycanda ilk dəfə qadına səsvermə hüququ verilib. Mən də bu millətin qızıyam. Və sözsüz ki, Azərbaycan qadınının zərafətini, gücünü, dahiliyini istədim fırça ilə kətan üzərinə köçürüm. Və bunu sırf Qadınlar gününə özəl etdim. Amma qeyd edim ki, mənim üçün “Qarabağ” kolleksiyası xüsusi önəm daşıyır. Bu yaxınlarda Amerikada “New York Art Expo” sərgisində yenə də Qarabağ rəsmlərini götürdüm. Bəzən mənə deyirlər ki, niyə siz sərgidə təsvir, gül çiçək kimi əsərlərinizi aparmırsınız. Kim anlayacaq o dağıdılmış məscidləri. Mən həmən cavab verirəm. Mənim üçün ən önəmlisi odur ki, qoy mən Azərbaycana olan tarixinə, mədəniyyətinə olan barbarlığı göstərim, onlar özləri görüb anlasınlar”.
MƏŞHUR BİR NƏSLİN DAVAMÇISI
Qeyd etdik ki, Nigar xanım məhşur tarixi şəxsiyyət olan Mirzə Nəsurulla bəy Əmirov nəslinin davamçısıdır. 1918-ci ildə bolşevik-daşnak birləşmələri Azərbaycanı qan gölündə boğmaq istəyəndə Mirzə Nəsrulla bəy Milli şuranın rəhbərlərindən biri kimi müdafiə işlərini təşkil edib. Hələ o zamanlar Bektaşilər və yeniçərlər Naxçıvana gələndə məhz Nigar xanımın ulu babası onları qarşılayıb, öz mülkündə onları yerləşdirib. Eyni zamanda həmin mülk qızlar məktəbinin istifadəsinə verilib. Naxçıvanda ilk karvansaraylar da məhz Mirzə Nəsrulla bəyə aiddir.
Bu barədə Nigar xanım söyləyir: “Ankara sərgisi zamanı sərgidə iştirak edən Azərbaycandan getmiş filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı-publisist Şərəf Cəlilli orda məndən mənim kökümü soruşanda Mirzə Nəsrulla Əmirov imzası eşidən kimi həmən belə bir ifadə işlətdi: ”Sənin ulu babanın xəncərindən, sonrakı Mirzə Nəsrullanın qələmindən və sənin fırçandan süzülüb gələn Azərbaycan tarixi, mədəniyyəti yaşamalıdır”. Və mən bu sözlərdən çox duyğulandım. Bəli, məhz Mirzə Nəsrullah Əmirov Naxçıvan Milli Şurasınn Müdafiə Komitəsinin sədri olub. Və fəaliyyəti dövründə istər Azərbaycan tarixinə, istər mədəniyyətinə, istərsə də təhsilinə inanılmaz töhfələr verib, xüsusi, müstəsna xidmətləri olub. Orada Puşkinski küçəsində öz maddiyyatı ilə Qızlar Məktəbini tikdirib. Bilirsiniz ki, 1918-ci ildə daşnaksütyun Naxçıvanda soyqırıma başlayıb. Mən bunu 90-cı illərdə nənəmin xatirələrindən eşitmişəm. Nənəm bütün bunları ağlayaraq danışırdı. O zaman törədilən vəhşiliklıri ürəkyanğısı ilə deyirdi. Mirzə Nəsrulla 8 nəfər öz xəbərçisini Kazım Qara Bəkirə göndərir və deyir ki, gəlin bizə köməyə. O zamanlar Kazım Qara Bəkir Naxçıvana gələndə babam Mirzə Nəsrulla türk əsgərinə hörmət olaraq 250 m qırmızı xalı yerə sərdirir və onları elə qarşılayır. Zəfərdən sonra da əsgər keçidi keçirilir, ona da öz evindən ipək xalçasının götürüb tribunanın qarşısına sərir. Beləliklə, Kazım Qara Bəkirlə paradı qəbul edir. Ən çətin məqamlarda Naxçıvanski qardaşlarına etibar edir.
Mirzə Nəsrulla Əmirov böyük mütəfəkkirlərimiz Hüseyn Cavid ilə, Cəlil Məmmədquluzadə ilə və bir çoxları ilə dostluq edib. Maarifçilik yönündə öz vəsaiti ilə onlara böyük köməkliklər göstərir. İndi mən də öz növbəmdə belə deyək ki, onun ideyasının davamçısıyam. Əlbəttə ki, bununla da qürur duyuram. Azərbaycan mədəniyyətinin bir parçası olmaq mənim üçün bir şərəfdir. İndi tamamən həyatımı buna həsr etmişəm”
BAKI-ŞUŞA QATARI
Nigar Helmi Abbasbəyli “Qarabağın mirası” mövzusunda sərgisinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizə həsr edib. Azərbaycan mədəniyyətini təmsil etdiyi üçün hədsiz qürur duyur.
O deyir: “Müharibə olsa belə bir millətin tarixi, mədəniyyəti, tarixi dəyərləri, gələcək nəsillərə qoyacaq mirası silinməməlidir. Lakin ermənilər bizə aid olanları yer üzündən silmək istədilər. Mən bir azərbaycanlı olaraq əsərlərimlə bu barbarlığı dünyaya, eləcə də gələcək nəsillərə çatdırmağı özümə borc bildim. Biz geri dönən mirasımızı, Şuşamızı qorumalıyıq. Mənim bir əsərim də məhz bu mövzudadır. “Bakı-Şuşa qatarı” əsərim hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərini, Vətən torpağımızın yenidən çiçəklənməsini təmsil edir. Biz o torpaqları ruhumuzdakı Vətən sevgisi və milli-mənəvi dəyərlərimizdən yola çıxaraq əvvəllər də olduğu kimi Azərbaycanın ən gözəl guşəsinə çevirəcəyik”.
YENİ PLANLAR
Bəli, Nigar Helmi Abbasbəyli fırçası ilə gözəlliklər yaradır, amma mədəniyyət sferasında fəaliyyətini heç də yekcins görmür. Bütün mədəniyyət sahələri bir-biri ilə sıx təmasdadırlar, hətta, təsbeh dənələri kimi sanki eyni sapın üzərinə düzülüblər.
Ötən il Nigar xanımın rəhbərlik etdiyi “Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyi Azərbaycan Ədəbiyyat Fondu ilə birgə “Müharibə dövrü ədəbiyyatı “adlı dinləmələr təşkil etdi. Qarabağ müharibəsində qazanılan zəfərdən sonra Azərbaycan Prezidenti “Biz öz işimizi gördük, indi söz yazıçılarındır ki, bu qələbəni öz romanlarında əbədiləşdirsinlər, gələcək nəsillərə ərməğan etsinlər” söyləmişdi, keçirilən tədbir məhz bu direktivlərin necə icra edilməsinə göz yetirmək, görülən işlərə qiymət verib görüləcək işləri planlaşdırmaq məqsədi güdürdü.
2024-cü ildə Nigar xanım bir çox layihələrin reallaşmasını hədəf kimi seçib. Gənc rəssamlarla gənc yazarların birgə yaradıcılıq emalatxanalarının təşkili, yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması, türk dünyası mədəniyyət xadimlərinin vahid bir platformada işbirliyinin yaradılması, kino sferasında inanılmaz layihələrin gerçəkləşməsi – bütün bunlar ümumən mədəniyyətimizin inkişafına, Azərbaycan dövlətinin mədəniyyət sahəsindəki prioritet hədəflərinə çatması işinə bir töhfə olacaq, eyni zamanda, türk xalqlarının mədəniyyət yolu ilə daha sıx inteqrasiyasına xidmət edəcək.
Yeni – 3-cü minillik bütün dünyada yeni – informasiya-kommunikasiya texnologiyaları ilə silahlanmış intellektual və mədəni, mənəvi cəhətdən zəngin bir insanın formalaşması dövrüdür. Çox gözəldir ki, mədəniyyət sferası 3-cü minilliyin də bazisi rolunu daşıyacaq.
Və bu işə töhvə verən insanlar var olsunlar!
“Ədəbiyyat və incəsənət”
(15.01.2024)