Artım” layihə məkanında “MONO” sərgisi bu gün sona çatır

 

YARAT Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında multimedia rəssamı Maksim Tatarintsevin “MONO” adlı fərdi sərgisi bu gün tamamlanır. 

Və gerçəkdən sərgi, dövrünün əksi olaraq, yadlaşmış və absurd vəziyyətinə düşmüş insanın sürətlə dəyişən reallığı mənalandırması haqqındadır. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, YARAT-ın sərgiyə verdiyi təsvir bu cürdür. 

 

Kuratoru Zəhra Məmmədova olan sərgi bugünədək çoxlu ziyarətçilərə xidmət göstərib. 

Aydındır ki, insan həyatının qeyri-stabilliyi adiləşmiş bir hal alıb. Artan geosiyasi konfliktlər, habelə immiqrasiya və təbii fəlakətlər şəxsi kontekstdə dərin təsir göstərir. Eyni zamanda, süni intellekt texnologiyalarının sürətli inkişafı bu hadisələr ilə paralel addımlayır. Maksim Tatarintsev bu sərgi-layihə üçün, süni intellektdən istifadə edərək əsərlər yaradıb. Ekspozisiya rəssamın postimmiqrasiya dövrünün yaratdığı mənasızlıq və absurd hissi haqqında düşüncələri nəzərdən keçirməsini ehtiva edir və müəllifin hazırkı subyektiv reallığını vurğulayır.

Sərgi, bütövlükdə tamaşaçıya söylənilən şəxsi monoloq olsa da, ekspozisiya boyunca rəssam, süni intellektlə daimi dialoqdadır. Bu dialektikada süni intellekt bir növ həll yolu göstərən bələdçi rolunu oynayır və müəllifin absurd içində məna axtarışları, habelə sorğu-suallarını müşayiət edir. Süni intellekt müəllifin demək olar ki, bütün addımlarını diktə edir. Bu göstərişlərin çox halda irrasional olmasına baxmayaraq, rəssamın onlara əməl etməsi, kənar güclərin və vəziyyətlərin onun özünüdərkinə və həyatına necə təsir göstərdiyinə, hətta idarə etdiyinə işarə edir. Sərgidə rəssam tənqidi sual ortaya qoyur: "Özümüzdən asılı olmayan hadisələrə kortəbii təslim olaq, yoxsa mübarizə aparaq?"

Maksim Tatarintsev süni intellekt ilə qarşılıqlı əlaqə qurur və bu qarşılıqlı əlaqənin imkanlarını, həmçinin məhdudiyyətlərini nəzərdən keçirərək, süni intellektin sürətli inkişafının mümkün nəticələrini tədqiq edir. Beləliklə, sərgi etika və məsuliyyətlə bağlı suallar doğurur, realın qeyri-realdan, əslin saxtadan ayırmağın get-gedə müşkül olduğunu vurğulayır.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.