Azərbaycan Milli İncəsənət muzeyinin direktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Çingiz Əbdül Məcid oğlu Fərzəliyevi Azərbaycan Prezidenti “Şərəf” ordeni ilə təltif edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Çingiz Fərzəliyev 1943-cü il noyabrın 20-də, Bakı şəhərində anadan olub. 1973-cü ildə Moskva Dpvlət Akademik Bədii İnstitutunun boyakarlıq fakültəsini bitirib. 1975-ci ildən SSRİ Rəssamlıq İttifaqının üzvüdür. 1966-cı ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının boyakarlıq kafedrasının müdiridir.
2008-ci ildən isə oranın professorudur.
Çingiz Fərzəliyev 2010-cu ildən Azərbaycan Milli İncəsənət muzeyinin direktoru, həmçinin 2010-cu ildən Təsviri sənət Dövlət Ekspert Komissiyasının sədridir.
PREZİDENT SƏRƏNCAMINDA DEYİLİR:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə Çingiz Əbdül Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri,18 noyabr 2023-cü il.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)