Noyabrın 18-dən Müasir İncəsənət Muzeyində rəssam Soltan Soltanlının rəngkarlıq və qrafika əsərlərindən ibarət “Anlam” sərgisi sənətsevərlərin ixtiyarına veriləcək.
“Ədəbiyyat və incəsənət” portalı rəssama istinadən xəbər verir ki, sərgidə son illərdə yaradılan 56 rəngkarlıq, 26 qrafik əsər nümayiş olunacaq.
Bəs niyə “Anlam”?
Soltan Soltanlı nə çəkirsə-çəksin, hökmən hər bir əsərdə anlam ifadə edir. Rəssam mövzularını həyatın içindən çıxarır, hadisələrə dərin anlam verir və onları tamaşaçıya qeyri-adi şəkildə təqdim edir.
Sərgidəki əsərlər “Qadın”, “At”, “Xəyali mənzərələr” və “Qarışıq” mövzuları üzrə tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, Soltan Soltanlı 1997-ci ildən bugünədək dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq yarışma, festival və sərgilərdə ölkəmizi təmsil edir.
Bu müddətdə o, çoxlu beynəlxalq mükafatlara layiq görülüb, yüzlərlə sərgidə iştirak edib, eləcə də, əsərləri yüzlərlə kataloqda nəşr olunub. Əsərləri dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda qorunur.
O, təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələrilə məşğul olur.
“Anlam” sərgisi dekabrın 2-dək davam edəcək.
Buyurun gəlin, hörmətli sənətsevərlər!
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)