Almaniyalı rəssama Azərbaycan vətəndaşlığı verilib

UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq Sülh səfiri, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildiriblər ki, komitə sədri dünya şöhrətli rəssamı Azərbaycan vətəndaşlığı alması münasibətilə təbrik edib və ona ölkəmizin dünyada layiqli təmsilçiliyində uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan vətəndaşlığı alan Xalq rəssamı Avropanın aparıcı dövlətlərindən olan Almaniyada Azərbaycan həqiqətlərinin təbliğ olunmasında əvəzsiz rol oynayır, əsərlərində xalqımızın adət-ənənəsinə geniş yer verir, doğma Azərbaycana həsr etdiyi əsərləri ilə digər xalq və millətlər arasında vətənə, onun tarixinə, təbiətinə və mədəniyyətinə sevgi aşılayır.
Təsadüfi deyil ki, zəngin yaradıcılıq bioqrafiyası olan Ə.Heybətovun əsərlərinin toplandığı “Qarabağa gedən 44 günlük yol”, “Xocalı faciəsi” jurnal-kataloqlar və “Almaniyadan 100 rəsm” adlı kitab, eləcə də rəssamın ərsəyə gətirdiyi Vətən müharibəsində zəfəri tərənnüm edən genişmiqyaslı panno böyük marağa səbəb olub.
Azərbaycan vətəndaşlığı almasından böyük sevinc hissi ilə danışan rəssam ölkə başçısına minnətdarlığını ifadə edib, bundan sonra da yaradıcı gücünü Azərbaycan naminə sərf edəcəyini, ölkəmizi layiqincə təmsil edəcəyini diqqətə çatdırıb.
Ə.Heybətovun Azərbaycan vətəndaşlığı alması bilgi sahibi və daşıyıcısı olan insanlarımızın bilik və təcrübələrini, intellektual potensiallarını həm də Ana Vətənlə bölüşmələrinin ən gözəl nümunələrindən biridir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.