“Port Baku Mall” ticarət mərkəzində Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinə həsr edilən “Karabakh – Winter Wonderland” adlı nəfis instalyasiya sərgisinin rəsmi açılışı olub.
AzərTAC xəbər verir ki, açılışda nazirliklərin və müxtəlif şirkətlərin nümayəndələri, blogerlər, “NARGIS”in tərəfdaşları və dostları, böyüklər və uşaqlar iştirak ediblər. Qonaqlara instalyasiyanın özü kimi şirin kiçik adam formasında şirniyyatların paylanılması bayram ovqatını bir az da artırıb.
Azərbaycanın tanınmış memarları, mühəndisləri və istedadlı qənnadı ustaları Şuşa qala divarlarından tutmuş Ağdam məscidi və Xudafərin körpüsünədək Azərbaycanın mədəni abidələrinin, eləcə də Füzuli Beynəlxalq Hava Limanı kimi yeni tikililərin və Bakı şəhərinin diqqətəlayiq yerlərinin "şirin miniatürlərini" ərsəyə gətiriblər.
QR kodlar, həmçinin sərgi barədə informasiya böyük ekranda yerləşdirilib. Bu kodlar vasitəsilə həmin abidələrin tarixi və mədəni əhəmiyyəti barədə məlumat əldə etmək mümkündür. Bütün məlumatlar üç dildə “NARGIS” jurnalının veb-saytında təqdim olunur.
Layihənin məqsədi Bakı sakinləri və şəhərin qonaqlarını Qarabağ diyarının zəngin mədəniyyəti ilə tanış etmək, eləcə də uşaqlara və böyüklərə Yeni il ərəfəsində xoş əhvali-ruhiyyə bəxş etməkdir. Layihənin ideya müəllifi və rəhbəri “NARGIS” jurnalının baş redaktoru Ülviyyə Mahmudovadır.
İnstalyasiyanın hazırlanmasında müxtəlif şirniyyatlardan istifadə olunub. 40-dan çox marsipan fiquru əllə hazırlanıb, 30 zəncəfil evi quraşdırılıb, 100-dən çox zəncəfil ağacı və 5 yeni il ağacı bəzədilib. Evciklərdə işıq yanır, şeytan çarxı fırlanır, şəkərli qar ilə örtülmüş küçələrdə yüzdən çox zəncəfil miniatür adamlar gəzir. Eksponatların rahatlıqla şəklini çəkmək və onları sosial şəbəkələrdə #nargisgingerbreadcity həştəqi ilə paylaşmaq olar.
Sərgi 2022-ci il yanvarın 13-dək davam edəcək.
Giriş sərbəstdir.