Azərbaycanlı fotoqrafın əsərləri Şotlandiyanın Kelvinqrov muzeyində nümayiş etdirilib

Qlazqo şəhərinin məşhur Kelvinqrov İncəsənət Qalereyasında və Muzeyində təşkil olunan “Putting Ourselves in the Picture” beynəlxalq incəsənət sərgisində azərbaycanlı fotoqraf və siyasi şərhçi Fuad Ələkbərovun əsərləri nümayiş etdirilib.

 

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AzərTAC-a bildiriblər ki, Kelvinqrov Muzeyinin Qannoxi zalında Azərbaycan fotoqrafı ilə yanaşı, Belarus, İtaliya, İspaniya və Meksikadan olan fotoqrafların də əsərləri təqdim edilib. Sərgi “Migrant Voice” təşkilatı tərəfindən təşkil olunub.

 

Sərginin açılış mərasimində Qlazqo şəhərinin meri Caklin Maklaren çıxış edərək layihəni yüksək qiymətləndirib. Daha sonra “Migrant Voice” təşkilatının sədri Nazek Ramadan və layihə rəhbəri Marzanna Antoniak sərgi barədə qonaqlara ətraflı məlumat veriblər.

 

Sərgilənən əsərlərin həsr olunduğu ictimai mövzular, miqrasiya kimi mühüm məsələlər ziyarətçilərdə böyük maraq doğurub.

 

Qeyd edək ki, 2002-ci ildən fotoqrafiya ilə məşğul olmağa başlayan Fuad Ələkbərovun əsərləri “OpenDemocracy”, “The Herald”, “The National”, “Daily Record”, “Baku” və digər nəşrlərdə dərc olunub.

Sərgi 2024-cü ilin sentyabrınadək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.