Avstriyanın Zalsburq şəhərində Motsartplats şəhər qalereyasında azərbaycanlı rəssam Ayna Hüseynovanın “Duyğuların rəngi“ adlı fərdi sərgisi açılıb.
AzərTAC xəbər verir ki, Bakıda Əzim Əzimzadə adına İncəsənət Kolleci və Zalsburqda Media və Dizayn Akademiyasının məzunu olan A. Hüseynovanın fərdi sərgisində rəssamın insan hissləri və üz cizgilərinin qabarıq təqdim olunduğu portretlər və təbiət təsvirləri olan tablolar nümayiş olunub.
Müəllif bildirib ki, 20 ildən artıqdır Avstriyada yaşayır və bu sərgidə yerli sənətsevərlərə həmçinin Azərbaycan həyat tərzi və milli xüsusiyyətləri çatdırmağa çalışıb, əsərlərinin bir hissəsi Azərbaycan xalçaları, milli musiqi və rəqslər kimi mövzulardadır. Doğma Vətənini xaricdə təqdim etməkdən qürur duyduğunu bildirən A. Hüseynova böyük məmnuniyyətlə növbəti sərgisini ancaq Azərbaycanla bağlı mövzulara həsr etmək arzusunda olduğunu da ifadə edib.
İndiyədək Avstriyada və Almaniyada müxtəlif şəhərlərdə qarışıq sərgilərdə əsərləri nümayiş olunan A. Hüseynovanın fərdi sərgisi yerli sakinlər və sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi oktyabrın sonunadək ictimaiyyət üçün açıq olacaqdır.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)