Bu gün YARAT-da Xalq rəssamı Ağa Mehdiyevin yaradıcılığından danışılacaq

 

YARAT Müasir İncəsənət Məkanının “Rəssamın gözü ilə” layihəsi davam edir.

YARAT-dan verilən məlumata görə, layihə çərçivəsində növbəti tədbir Xalq rəssamı Ağa Mehdiyevin yaradıcılığına həsr olunacaq.

 

Sentyabrın 8-nə - bu günə nəzərdə tutulan tədbir çərçivəsində sənətşünas, qalerist, mentor, ekspert, "Contemporary Baku" şirkətinin təsisçisi və direktoru Qalib Qasımov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əzimova rəssamın yaradıcılığı ilə bağlı araşdırmalarını, analitik yanaşmalarını və xatirələrini paylaşacaqlar.

Xalq rəssamı Ağa Mehdiyev (1920-2003) yaradıcılığında peyzaj və portret janrlarından geniş istifadə etməklə yanaşı, hərbi-vətənpərvərlik mövzusunda da çalışıb. Onun əsərlərində çox zaman sadə adamların iş günü, əmək və istirahəti poetikləşdirilib.

1960-cı illərin əvvəllərində Türkiyə Cümhuriyyətinə yaradıcılıq səfərində rəssam gördükləri, duyduqları və müşahidələri nəticəsində maraqlı tablolar yaradıb. Bu səfərdən sonra Bakıda rəssamın Türkiyəyə həsr edilmiş fərdi sərgisi təşkil olunub. Onun əsərləri bir çox ölkələrinin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

Tədbirin sonunda kiçik sual-cavab sessiyası keçiriləcək.

Başlama vaxtı 19.00

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.