Qırmızı qəsəbə - müsəlmanlar və yəhudilər arasında münasibətlərin ən yaxşı nümunəsidir

 

Dağ yəhudilərinin sıx məskunlaşdığı Qırmızı qəsəbə mənə güclü təsir bağışladı.

AzərTAC xəbər verir ki, bunu amerikalı jurnalist Kelvin Dark STMEGİ saytına müsahibəsində deyib.

 

O, bu yaxınlarda jurnalistlər qrupunun tərkibində Azərbaycanda olduğunu xatırladaraq deyib: “Bakı gözəl memarlığı ilə yaddaşımda qaldı. Qarabağda olmaq mənim üçün çox maraqlı idi. Biz işğaldan azad olunmuş bir neçə rayonda – Şuşa, Füzuli və Qubadlıda olduq. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır, bu, məni heyran etdi.

Bundan başqa, müharibə vaxtı güclü raket zərbələrinə məruz qalmış Gəncəni ziyarət etdik. Dağıntıları gördüm, günahsız dinc sakinlərin, xüsusən də uşaqların ölümü barədə məlumat məni çox hiddətləndirdi”. 

Qubaya səfəri barədə danışan amerikalı jurnalist qeyd edib ki, Dağ Yəhudiləri İcmasının nümayəndələri ilə görüş onun üçün çox gözəl təcrübə olub: “Qırmızı qəsəbədə diqqətimi ən çox Dağ yəhudilərinin Tarix Muzeyi cəlb etdi. Mən Dağ yəhudiləri icmasının yaradılması, onların zəngin mədəniyyəti və ənənələrinin nəsildən-nəslə keçdiyi barədə çoxlu məlumat əldə etdim. Muzeydən çox təsirləndim, çünki o köhnə adət-ənənələri və tarixi yeni interaktiv eksponatlarla birləşdirir.

Gördüm ki, Azərbaycan ilə İsrail arasında əlaqələr genişlənib və daha da möhkəmlənib. Hesab edirəm ki, bu münasibətlər müsəlmanlarla yəhudilər arasında əməkdaşlığın gözəl nümunəsidir və bütün dünya buna diqqət yetirməlidir. Fəxrlə deyə bilərəm ki, müsəlmanlarla yəhudilər arasında münasibətlərin ən yaxşı nümunəsi Azərbaycandadır", - deyə K.Dark vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.