Qlobal istiləşmənin ilk izləri

 

SON 120 MİN İLİN ƏN İSTİ AYINI YAŞADIQ

 

Bir neçə gün öncə “Ədəbiyyat və incəsənət” sizləri Euronews-un bir süjeti ilə bağlı hazırlanan yazı ilə tanış etmişdi. Orada bu ilin iyul ayı hava müşahidələri ilə məşğul olan Avropa şirkətlərinin hesablamalarına görə bütün müşahidə dövrləri ərzində (təqribən 50 il) ən isti ay hesab edilmişdi. Sən demə, bu hələ harasıymış. Yenicə vidalaşdığımız iyul ayı daha böyük nəticələrə qadir imiş. 

 

Beləliklə, iyul ayında orta qlobal temperatur müşahidələr tarixində son 120 min ildə ən yüksək olub. Bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) və Cenevrədəki tərəfdaşların birgə keçirdiyi mətbuat konfransında bildirilib.

“Təsdiq edirik ki, 2023-cü ilin iyul ayındakı orta qlobal temperatur bütün müşahidələr tarixində ən yüksək olub”, – deyə ÜMT ilə sıx əməkdaşlıq edən Avropanın “Copernicus” İqlim Dəyişiklikliyinə Nəzarət Xidmətinin direktor müavini Samanta Bercess vurğulayıb.

O, həmçinin qeyd edib ki, dünyanın bir çox regionlarında iyulda istilik dalğaları müşahidə olunub. “Qiymətləndirmələrə görə, bu ay temperatur 1815-1900 dövrünün orta göstəricisindən, yəni, sənaye dövründən əvvəlki dövrün səviyyəsindən təxminən 1,5 dərəcə yüksək olub”, – deyə Bercess əlavə edib.

Onun sözlərinə görə, mağara çöküntüləri, daşlaşma, mərcan və balıqqulağı analizindən belə nəticəyə gəlmək olar ki, son 120 min ildə bu qədər isti olmayıb.

Bu ilin aprel ayında qeyri-adi yüksək temperaturdan sonra qlobal dəniz səthinin temperaturu rekordları da yenilənib. Nəticədə ötən iyulda okean səthinin temperaturu 1991-2020 ortalamasından təxminən 0,51 dərəcə istil olub. 

ÜMT-nin nümayəndəsi Kris Xyuitt qeyd edib ki, 2015-2022-ci illər artıq 170 il davam edən müşahidələr tarixində səkkiz ən isti il olub. 

Xyuitt əlavə edib ki, uzunmüddətli istiləşmə tendensiyasının səbəbi atmosferdə rekord həddə çatan istixana qazlarının konsentrasiyasının artmasıdır.

Sual olunur. Bu sənayeni məhdudlaşdırmaq olmazmı?

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.