Ana dilim bal kimi

 

Dünən Ana Dili Gününü qeyd etdik. “Ədəbiyyat və incəsənət” portalı Mina Rəşidin bu tarixə həsr edilmiş yazısını təqdim edir. 

 

Dil millətin yaranışı və inkişafı ilə meydana gəlir. Buna uyğun olaraq, elmi rəylərə görə, Azərbaycan dilinin inkişafı III-VII əsrlərdə başlayıb, XI əsrdə Qafqazda və qonşu ölkələrdə geniş yayılıb, XII əsrdə isə ədəbi dil kimi tam formalaşıb. Səfəvilər dövlətində saray və ordu dili kimi dövlətin ilk rəsmi dili Azərbaycan dili olub.

Əski dövrün Azərbaycan dilinin leksik tərkibi ərəb və fars sözlərinin çoxluğu ilə seçilir. Zaman-zaman Azərbaycan dili "türki", "türk dili", "Azərbaycan türkcəsi", "tatar dili", "Qafqaz tatarlarının dili" kimi adlandırılıb.

1929-1939-cu illərdə latın qrafikalı əlifbamız olub. Sonra bu kiril əlifbası ilə əvəz edilib. 1991-ci ildən Azərbaycan yenidən latın qrafikalı əlifbaya keçib.

Ana dilinin müasir anlamda dövlət dili kimi işlənməsini vacib edən ilk qəti rəsmi sənəd Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsilə bağlıdır. Qeyd edək ki, o vaxt dilimiz "Türk dili" adlanırdı. AXC 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul edib.

Müasir Azərbaycan dövlətinin memarı Ümummilli liderimiz Heydər Əliyev dilimizə, mədəniyyətimizə həmişə xüsusi qayğı göstərib. Onun 2001-ci ildə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi naminə verdiyi Fərman da bu qayğının nümunəsidir. 2004-cü ildə Naxçıvan şəhərində dilimizin şərəfinə "Ana dili" adlı abidə ucaldılıb. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı da, dövlətimizin, onun ali rəhbərliyinin Ana dilimizə olan həssas, qayğıkeş münasibətini əks etdirir.

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin düşünülmüş siyasəti və güclü ordumuzun sayəsində işğalçılardan azad edildi. Bu, böyük bir Zəfərdir! Doğma Ana dilində ölkə rəhbərimizin söylədiyi "Yaşasın Azərbaycan!", "Qarabağ Azərbaycandır!" kimi unudulmaz şüarlar bütün dünyaya səs saldı. Öz haqqı uğrunda savaşıb Zəfər qazanmış bir millət kimi dünya bizi öz dilimiz və əməlimizlə daha yaxşı tanıdı...

Şükürlər olsun ki, bu gün Vətənimizin əsas atributları olan üçrəngli Bayrağımız, səkkizguşəli Gerbimiz, qəlb oxşayan Himnimiz və özümüzə məxsus gözəl, rəvan dilimiz var.

Bayramımız mübarək!

 

Ana Dilim - bal kimi,

Danışmaqdan doymuram.

Mən onu neçə dilin

İçində qoruyuram.

 

Anamın laylasıyla

Mən boy atıb böyüdüm.

Onun şirin diliylə

Fərəhlənib öyündüm.

 

Çoxlu nağıl söyləyib

Nənəm bu dildə mənə.

Əlifbanı öyrəndim

Mən sevinə-sevinə.

 

Çox sevirəm yurdumun

Bayrağını, Himnini,

Mən sevirəm anamı,

Həm də, ana dilimi!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.