Xırda uğurlar böyük uğurların təməlidir Featured

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

 

                  

        

Biz, kitab boyu, əsasən, həyat, yaşam məqsədi olan böyük uğurlardan bəhs edirik. Amma gəlin unutmayaq ki, böyük uğurlara gedən yol mütləq kiçik uğurlardan başlayır. Hər xırda epizodun uğurlu nəticəsində maraqlı olmalıyıq, zərrələr tamı əmələ gətirir axı.

Bu yaxınlarda bir iş adamı ilə söhbət edirdik. Məlum oldu ki, bazara yeni çeşidli qənnadı məhsulları çıxararkən KİV-də, xüsusən qəzetlərdə geniş reklam kampaniyası təşkil etdirib, di gəl, effekt ala bilməyib. Mən ondan reklam üçün qəzetləri hansı parametrlərə görə seçdiyini soruşdum. Dedi, bu barədə anlayışı yoxdur, bu işlə məşğul olmağa xüsusi pr menecer ayırıbmış, seçimi həmin adam edib. Mən tənbəllik etmədən həmin pr menecerlə calaşdım, məlum oldu ki, bu şəxs üçüncü dərəcəli bir qəzetdə isləyən tanışına çıxıb, həmin tanışının verdiyi siyahı ilə qəzetlərə reklam paylayıb. Mən qəzetlərin siyahısı ilə tanış oldum. Həm seçilən qəzetlər populyar deyildilər, həm reklama ayrılan güşələr uğursuz idi, həm reklam mətni özü qüsurlu idi.

Bu cür işəyanaşmanın da sonunun elə o cür fiaskoyla nəticələnməsi, əlbəttə ki, qanunauyğun idi.

Uğursuz reklam kampaniyası mənim haqqında bəhs etdiyim iş adamına çox ciddi ziyan vurmuşdu, o, kifayət qədər keyfiyyətli olan yeni məhsullarını bazara çıxara bilməmiş, xeyli ziyana duşmuşdu. Xırda bir qüsur böyük bir işi uçuruma sürükləmişdi (Qeyd edim ki, istehlakçılar uğurlu reklamı olan yerli ərzaq məhsuluna heç vaxt biganə qalmırlar. Xüsusən ulduz müğənnilərlə, aktyorlarla hazırlanan reklam çarxları və cəlbedici rəngbərəng media mətnləri böyük effekt verir).

Görürsünüzmü? Danışdığım bu epizod sübut etdi ki, xırda uğurlar böyük uğurların təməlidir. Halbuki, həmin iş adamı reklam işinə daha ciddi yanaşsaydı, bu cür acı sonluğa da tuş gəlməyəcəkdi.

Mən əminəm ki, oxucularım arasında gördüyü işlə, çalışdığı sahə ilə bağlı reklama tələbat duyanlar az deyil. Bəs effektiv və uğurlu reklam kampaniyasına necə nail olmaq mümkündür?

Söhbət qəzet reklamından getdisə, gəlin elə qəzet reklamının üzərində dayanaq.

Məhdud vəsaitlə müəssisənin reklamı necə təşkil edilməlidir? Reklam elanını qəzetdə yerləşdirərkən nəyi bilmək lazımdır?

Amerika mutəxəssislərinin bəzi məsləhətlərinə gəlin diqqət edək:

·        Təklifinizi başlıqda səsləndirin;

·        Təklifinizi yarımbaşlıqda bir daha formalaşdırın;

·         Çalışın «Pulsuz» sözünü vurğulayasınız və onu mümkün olan dərəcədə təkrar edin;

·        Sizin məhsulu və ya xidmətinizi fəaliyyətdə təsvir edən şəkil yerləşdirin;

·        Sizin qəzetdə digər reklam yerləşdirənlərdən fərqli cəhətinizi göstərmək üçün nə isə edin. Təkcə bilavasitə rəqibləriniz deyil, bütün digərləri nəzərdə tutulur;

·        Reklamınız kiçikdirsə, onu çərçivəyə alın və çərçivəyə orijinallıq verin;

·        Reklamda mütləq iri şriftlə yazılmış söz və ya ifadə olmalıdır. Əgər siz bunu etsəniz, hətta kiçik reklam böyük kimi təsirli ola bilər;

·        Mütləq ünvanınızı, telefon nömrənizi daxil edin. Elə edin ki, oxucular sizi həmişə asanlıqla tapıb danışa bilsinlər;

·        Reklamın görünüşünü elə edin ki, həm əmtəənin, həm də bu və ya digər xidmətin reklamına növbəti tələbat zamanı da onu saxlaya biləsiniz. Bununla siz öz mahiyyətinizi aydın etmiş olar, alıcıların sizinlə tanışlığını asanlaşdırarsınız;

·        Reklam üçün müxtəlif ölçü, forma, dərcetmə günündən, müxtəlif  qəzet səhifəsindən istifadə edin;

·        Qəzetin içinə qoyulmuş pulsuz əlavələr, məsələn, bukletlər  haqqında düşünün. Onlar populyardır və düşündüyünüzdən ucuz başa gəlir, amma çox effektivdir;

·        Reklamı rəngli edin. Qırmızı, göy və qəhvəyi rənglər yararlıdır. Reklam çox kiçikdirsə, onu rəngli verməyə dəyməz. Çünki qarmaqarışıq bir şey yaranacaq. Yox, əgər ölçüsü münasibdirsə, onda rəngli reklama cəhd etmək olar;

·        Optimal reklam təklif və ölçü ilə müəyyənləşənə qədər müxtəlif nəşrlərdə bir neçə reklam növünü yerləşdirin;

·        Yeni qəzetlərlə ehtiyatlı olun. Onlar özlərini göstərənə qədər gözləyin;

·        Reklamınızı qəzetin əsas hissəsində, qatlama yerindən yuxarıda, sağ tərəfdə yerləşdirmək üçün mümkün hər şeyi edin. Sadəcə, xahiş  kifayət etməz. Ola bilsin ki, şəxsən gedib xahiş etməli olasınız. Təslim olmayın, təkid edin;

·        Çap üçün çox uzun mətn materialından istifadə etməyə qorxmayın. O, jurnal üçün daha yararlı olsa da, bir çox qəzet reklam nəşrləri də ondan istifadə edir;

·        Əgər reklamınız biznes adamları üçün nəzərdə tutulubsa, onu maliyyəyə həsr edilmiş qəzetlərdə yerləşdirin. Əgər siz evdar qadınlar üçün xidmətlər və ərzaq reklamı edirsinizsə, onda onu qadınlar üçün olan səhifələrdə yerləşdirmək daha yaxşı olar. Ərzaq və qidanın reklamı üçün xüsusi səhifələr var. Astrologiya səhifəsi, adətən, əksər insanlar tərəfindən oxunur. Lakin, ümumiyyətlə, reklam üçün xəbərlər bölməsi daha yaxşıdır;

·        Rəqiblərinizin reklamını, xüsusilə də təkliflərini öyrənin. Sizin reklamınız daha inandırıcı, qısa, xoş, seçilən, ən yaxşı olmalıdır;

·        Reklametmənin nəticələrini diqqətlə qeyd edin. Reklamdan sonra sizin mal və xidmətinizə tələbat nə kimi artıb, bunu mütləq bilməlisiniz. Qeydiyyat aparmasanız, sınamaların heç bir əhəmiyyəti olmayacaq;

·        Sizin reklam mütləq sizin ehtimal edilən bazarınıza müvafiq olmalıdır;

·        Sizin reklam sizin əmtəə və ya xidmətə mütləq müvafiq gəlməlidir;

·        Sizin reklam onu dərc etdirdiyiniz qəzetə mütləq müvafiq olmalıdır;

·        Qısa sözlərdən, qısa cümlələrədən, qısa abzaslardan istifadə etməyə çalışın;

·        Ünvanınızı təkcə kupon üzərində yerləşdirməyin. Əgər siz kupondan istifadə edirsinizsə, ünvanınız həm kuponun üzərində, həm də yenə haradasa olmalıdır ki, kupon kəsilib götürüldükdə ünvan qalsın.

·        Qəzetdə yaxşı əks olunacaq fotoşəkil və illüstrasiyalardan istifadə edin;

·        Kompaniyanızın adını həmişə reklamın hansısa aşağı hissəsində yerləşdirin. Gözləməyin ki, alıcılar kompaniyanın adına materialın özündə, sərlövhəsində məhsulun və ya mağazanın şəklində fikir verəcəklər. Hərçənd ki, kompaniyanın adını çox vaxt başlığa və ya, ən azı, yarımbaşlığa yerləşdirmək pis deyil;

·        Reklamda hər hansı müasirbir şeyi xatırladın. Unutmayın ki, qəzetlər xəbərlərə görə oxunur. Ona görə, əsas ideya yeniliklərlə bağlı olmalıdır, əgər bu mümkündürsə;

·        Bütün müştərilərinizdən sizin haqqınızda haradan eşitdiklərini soruşun. Əgər qəzetin adı çəkilmirsə, birbaşa soruşun: «Qəzetdə reklamımızı görmüsünzmü?» Müştərinin reaksiyası sizin üçün çox vacib olacaq.

                                     

***

 

Və əgər reklamdan söz açdıqsa, mütləq bu bölmədə ümumən reklam işindən də danışmağımız məqbul olar. Nəzərdən qaçırmayın ki, hər hansı sahədə uğur qazanmaqçün mütləq yaxşı reklam olunmaq lazımdır. İri  kompaniyalar hər il imic reklamına milyonları hədər yerə xərcləmirlər ki. İri kompaniyaları bir kənara qoyaq. Hər bir sahədə çalışan sənətkarın, istər dərzi, modelyer olsun, istər aşpaz, qənnadıçı olsun, istər bənna, dülgər olsun, fərqi yoxdur, müştəri qazanmaqçün reklama ehtiyac var. Daha çox pasiyent arzulayan həkim, daha çox öyrənci axtaran repetitor-müəllim, daha çox kitab satmaq istəyən yazıçı, daha çox populyarlıq əldə etməyə can atan müğənni, daha güclü kluba keçmək istəyən futbolçu, seçkilərdə qalib gəlmək istəyən siyasətçi, bir sözlə, hamı-hamı yaxşı reklam olunmaqda maraqlıdır.

Reklam sözü «rechama» latın feilindən yaranıb, qışqırmaq kimi tərcümə olunur. Doğrudan da, sənin reklamın sənin barəndə qışqırmalı, diqqətləri cəlb etməlidir. Reklama ümumiləşdirilmiş bir tərif versək isə belə bir cümlə alarıq: Reklam – informasiyanın yayılmasına xidmət edən bir marketinq – kommunikasiya istiqamətidir.

Reklamın ən geniş yayılmış növləri aşağıdakılardır:

- istehlak reklamı;

(məhsulun, brendin istehlakçı üçün dəqiq obrazını yaratmağa xidmət edir)

- ünvan-məlumat reklamı;

(istehlakçı hansısa məhsulu haradan almağı, hansısa xidmətlərin harada göstərildiyini öyrənir)

- imic reklamı;

(ictimaiyyətin daim diqqətində olmaq, cəmiyyət tərəfindən tam tanınmaq)

- ictimai reklam;

(hər hansı aparıcı, pozitiv cəhətin reklamına yönəlmiş mesaj)

- biznes reklam;

(istehlakçıya deyil, distribüterlərə, sənaye alıcılarına, peşəkarlara yönəlmiş, bazarın bütün iştirakçılarının maksimum məlumatlandırılmasına xidmət edən mesaj)

- siyasi reklam;

(bu və ya digər siyasi cərəyana səs vermək üçün elektoratın cəlb edilməsi).

Hər hansı sahədə uğur qazanmaqçün reklama müraciət edən şəxs mütləq reklamın əlifbasını bilməlidir ki, həm az xərci çıxsın, həm də çox fayda qazansın.

Hazırda dünyada ən geniş yayılmış reklam növü kütləvi infonrmasiya vasitələrində reklamdır.

- Televiziya reklamı (bura hər hansı proqram zamanı reklam fasiləsində gedən reklam blokuna daxil edilmiş videoçarx, gəzən sətir reklamı, eləcə də aparıcının şifahi söylədiyi mətn aiddir)

- Radio reklamı (bura həm audioçarxlar, həm də aparıcının şifahi söylədiyi mətn aiddir)

- Çap reklamı (bura mətbuatda gedən reklam materialları, müxtəlif broşürlar, vərəqələr, vizitkalar və s. aiddir)

İnternet-reklam (sayt və bloq reklamları, sosial-şəbəkə reklamları, videoreklamlar, bannerlər, piksel reklamı və s. aiddir).

Digər reklam növləri bayır (autdoor-reklam) və iç (indoor-reklam) reklamlarıdır ki, bunlardan da birinciyə açıq havada yerləşdirilmiş daimi, yaxud stasionar konstruksiyalardakı, binaların, nəqliyyat vasitələrinin üzərindəki reklamlar, ikinciyə isə qapalı yerdə, xüsusən ticarət mərkəzlərində, biznes mərkəzlərdə və vağzallarda, mədəniyyət, idman müəssisələrində yerləşdirilmiş reklam lövhələri aiddir.

Mogna Global kompaniyasının Avropanın reklam bazarının 2016-cı il reytinqinə diqqət etsək, bu  sahədə astronomik həddə pulların dolaşdığından xəbər tutarıq.

 

5.      İspaniya              6,03 milyard dollar

4.       İtaliya                  8,74 milyard dollar

3.       Fransa                  11,82 milyard dollar

2.       Almaniya             22,29 milyard dollar

1.      B.Britaniya          23,66 milyarjd dollar

 

Dünya üzrə isə liderlər aşağıdakı ölkələrdir:

 

3.      Yaponiya             37,68 milyard dollar

2.      Çin                       80,24 milyard dollar

1.      ABŞ                     190,83 milyard dollar

 

Ümumən dünya reklam bazarının hazırkı həcmi təqribən 600 milyard dollara bərabərdir. Razılaşın ki, bu, olduqca böyük rəqəmdir.

Əgər siz öz fəaliyyətinizi reklam etdirməyə ehtiyac duyursunuzsa, onda mütləq nəzərdən qaçırmayın ki, dünya İnformasiya Telekommunikasiya Texnologiyalarının inkişafı xəttinə yönəlib, odur ki, brendlə, məhsulla, xidmətlə istehlakçı arasında hazırda əsas innovasiya drayveri rəqəmsal (digital) hesab olunur. Bu sahə, artıq əsas media sahəsi olaraq reklam investisiyasının həcminə görə televiziyanı üstələməkdədir. Saytlar, sosial şəbəkələr, bütün onlayn-video daşıyıcıları – bunlar sizin reklamınız üçün ən ideal vasitələrdir.

Unutmayın, reklama xərclənən hər bir manatınız sizə azı iki manat xeyir gətirməlidir.

Reklamın uğur gətirməsi dərəcəsini 3 faktor müəyyənləşdirir:

- nəzərdə tutulan auditoriya;

- reklam mətninin özü;

- reklam kanalı.

Siz biznesiniz üçün lazım olan auditoriyanı düzgün seçməli, reklam mətnini qüsursuz hazırlamalı, ən nəhayət, ən effektiv reklam növü seçməlisiniz.

İlk baxışda, lazımi auditoriyanı seçə biləcəyinə hər kəs özündə bir əminlik hiss edir. Amma, məsələ düşünülən qədər asan deyil. Sizə bir sual verim. Tutalım, avtomobil almaq istəyirsiniz, özü də məlum bir kompaniyanın avtomobilini. Sizə hansı məlumat-reklam guşəsi cəlbedici gələcək: bütün avtomobillərin satılmasından bəhs edən, yoxsa konkret siz arzuladığınız kompaniyanın avtomobillərindən bəhs edən? Əlbəttə sizi ikinci cəlb edəcək.

Hər hansı xəstəlikdən, məsələn, ostraxondrozdan əziyyət çəkən xəstə ümumi terapevt həkimin reklamını görub onun yanına təşrif buyurar, yoxsa məhz ostraxondroz üzrə mütəxəssisin? Təbii ki, ikincinin.

Unutmayın. Reklamda maksimal effekt əldə etmək üçün çalışın onu konkret auditoriyaya ünvanlayasınız. Auditoriya kiçildikcə reklam effektivliyi artacaq. Hətta siz, maksimum effekt qazanmaq üçün reklam ünvanladığınız auditoriyanı süni şəkildə kiçildə də bilərsiniz. Məlum bir şirkət istehsal etdiyi kondisionerə «Yalnız VİP müştərilər üçün!» yarlığını yapışdırıb kifayət qədər uğur qazanırsa, yaxud bir başqa şirkət avtomobillərinə «İndi hətta yoxsullar da avtomobil sürəcək» tipli reklam kampaniyası apararaq inanılmaz satış həcmi əldə edirsə, demək, bu dediyimiz müddəa sınanılmış müddəadır.

Reklam mətnini hazırlayanda da bir neçə vacib şərtə əməl etməyiniz zəruridir. İstehlakçı sizin təklif etdiyiniz məhsulla razılaşanda, unutmayın ki, özü-özünə suallar verir. Bax reklam mətninizdə o, bu suallara

cavab tapmalıdır.

1.     Sual: Mən niyə bu məhsulu almalıyam?

Cavab: Çünki bu məhsul münasib qiymətədir, daha keyfiyyətlidir və s.

2.     Sual: Mən niyə bu şirkətin məhsulunu almalıyam?

Cavab: Bu şirkət illərdir ki, bazardadır, müsbət imici, mükafatları var və s.

3.     Sual: Mən niyə bu məhsulu məhz indi almalıyam?

Cavab: Endirim kampaniyası keçirilir, stimullaşdırıcı lotereya keçirilir, indi alsanız bir il pulsuz servis təklif olunur, məhsullar məhdud saydadır və s.

Reklam mətnində şəklin effekti çox böyükdür. İllüstrasiyalar daha çox diqqət cəlb edir və reklama inamı daha çox artırır. Maraqlı bir fakt deyim. Sosial şəbəkələrdə yazılan adi statusla şəkilaltı statusun oxunma sayı arasında azı 3-4 dəfə fərq var, bilirsinizmi?

Və ən nəhayət, potensial istehlakçını cəlb etməkçün yazılı reklamın başlığı uğurlu olmalıdır. Başlıq çox şeyi həll edir. Bir neçə variant düşünüb onun ən yaxşısını seçməlisiniz. Eləsini seçməlisiniz ki, istehlakçının yaxasından yapışıb onu özünə çəksin.

Video reklamda isə başlanğıc uğurlu olmalıdır. Elə bir başlanğıc düşünməlisiniz ki, cəmi 3-4 saniyəyə diqqəti cəlb etməyi bacarsın.

Və ən nəhayət, «hansı reklam növünə üstünlük verim» sualı ilə baş-başa qalarkən də ötəri qərar verməməlisiniz, xeyli düşünməli, saf-çürük etməlisiniz. Sizin potensial müştərilər daha çox hansı saatda asudə vaxt əldə edə bilir? Onlar nəyə baxır, nəyi dinləyir, nəyi oxuyurlar? Hansı portallara, sosial şəbəkələrə daha çox vaxt ayırırlar? Bu sualların hər birinin cavabı sizin reklam kampaniyanızı daha da uğurlu məcraya yönəldəcək.

Bəs hansı reklam növü məhz sizin profil üçün daha effektlidir? Küçə reklamımı, televiziyamı, internetmi?

Məsələn, «Hamıya yaxşı şərtlərlə kredit verilir» reklamını verib heç bir fayda əldə edə bilməyən bir tanıdığım bank yayda məzuniyyətə getmək istəyənlərə, payızda toy etmək istəyənlərə, qışda ev əşyaları almaq istəyənlərə , yazda evini təmir etmək istəyənlərə ayrıca kredit təklifi verməklə dördqat fayda ala bildi.

Kitab satışı ilə məşğul olan şəbəkə «ən yaxşı kitablar bizdə» formasında  reklam kampaniyası aparsa, sizcə nəyəsə nail ola bilərmi? Amma, tutalım, sevgi romanı arzulayanlara ayrıca Nikolas Sparksı, Frederik Beqbederi, yaxud Mark Levini, detektivsevənlərə Fillis Doroti Ceymsi, Keyt Atkinsonu, yaxud Çingiz Abdullayevi təklif etsələr faydasını dərhal hiss edərlər.

İndi isə düzgün reklam taktikası qurmağın və effektiv nəticə əldə etməyin qabaqcıl təcrübəyə əsaslanmış yollarına diqqət yetirin:

- çalışın reklamınızda cəmi bir aspektə diqqət yönəltməyin, reklam olunan tam obraz kimi auditoriyanın qarşısında dayansın;

- reklam ideyanız çox sadə və asan anlaşılan olsun;

- istehlakçının etibarını qazanmaq üçün mütləq öz reklam etdiyiniz məhsulun, xidmətin rəqiblərin təklif etdikləri məhsul və xidmətdən üstünlüyünü göstərməyi bacarmalısınız.

Sizə uğurlar!

 

“Ədəbiyyatvə incəsənət

(02.08.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.